Qurbanov: “Şadam ki, “Sevilya” kimi klub Juninyo üçün təklif göndərib”

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda “Şamaxı”nın qonağı olub.

Komanda.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov bir az gərgin oyun olduğunu bildirib:

“Futbolçularımı təbrik edirəm. Bir az gərgin oyun oldu. Son saniyələrdə qələbə qolunu vura bildik. Rəqib çox ağıllı müdafiə olunurdu. Ümumən, çox vacib üç xal qazandıq. “Şamaxı”ya qarşı oyunlarımız həmişə ağır keçir. Əks hücumlara yaxşı çıxırdılar.

Bir daha futbolçularımı təbrik edirəm, belə hava şəraitində yaxşı mübarizə apardılar. Vacib qələbə qazandıq.

Həmişə ehtiyatlanmışam ki, ilin sonlarına yaxın oyunçularımız zədələnməsin. Amma əfsuslar olsun ki, bu mümkün olmur. Avroliqa oyunlarından sonra yorğunluq çox olur.

Rotasiyalar edirəm. Yorğunluq çox oyunçularda var. Yerli oyunçular ola bilər ki, yaxşı idman formasına düşüblər və qol vururlar. Nəriman Axundzadədən bir müddət narazı idim. Amma ümumən, məşqlərdə yaxşı təsir bağışlayır. Mənim üçün fərqi yoxdur, istər yerli, istərsə də əcnəbi olsun, kim yaxşı formadadırsa, o da çıxıb oynayacaq.

Hansısa oyunçu komandadan gedəndə mən narahat oluram. Çünkü futbolçularım indi-indi uyğunlaşırlar. Buna baxmayaraq, şadam ki, “Sevilya” kimi klub Juninyo üçün təklif göndərib. Belə bir çempionatdan təklif olması sevindirici haldır. Bundan başqa, klubun da maraqları var. Juninyonun özü də bu təklifə çox sevinmişdi. Buna baxmayaraq, klubun da maraqlarını nəzərə almalıdır. Razılaşma baş tutsa, gedə bilər. O da bildirdi ki, “hər şey qaydasında olsa, sevə-sevə gedərəm”.

“Qarabağ” 18-ci turda evdə “Araz-Naxçıvan”ı qəbul edəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button