Qurban Qurbanov: “Çox ciddi rəqibə qarşı oynayacağıq”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveçin “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, Qurbanov çox ciddi rəqibə qarşı oynayacaqlarını bildirib:
“Molde”ni səhvə məcbur etmək üçün maksimum çalışmalıyıq. Çox ciddi rəqibə qarşı oynayacağıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq.
“Molde” son vaxtlar meydanda ən intizamlı oyun göstərən rəqiblərimizdən biridir. Boşluq verməyi xoşlamırlar. Üç il əvvəl qarşılaşdığımız “Molde” ilə indiki arasında mütləq fərq var. Futbolçuları indi daha inamlıdırlar”.
Baş məşqçi azarkeşləri uğurlu nəticə ilə sevindirmək istədiklərini deyib:
“Əvvəl məqsədimiz qrupa düşmək idi, bunu bacardıq. Azarkeşlərimizin uğur tələb etmələri bizə həmişə motivasiya verib. Amma nə qədər istəkli olsaq da, bir o qədər soyuqqanlı davranmalıyıq. Sabah da bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı nəticə əldə etmək istəyirik”.
Qurbanov zədəli müdafiəçi Bəhlul Mustafazadənin durumuna da aydınlıq gətirib:
“Bəhlulun durumu ilə bağlı yəqin ki, oyuna kimi məlumat verilməyəcək. Hələ ağrıları var. Dünəndən bu günə qədər fərq hiss olunur. Ancaq bugünkü durumu bizi qane etmir”.
Sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” matçı saat 20:45-də başlayacaq.
Bizi Facebook-da izləyin