Qurban Qurbanova qarşı təxribat

Rəşad Ergün

“Qarabağ” – “Sabah” oyununda baş hakim Elçin Məsiyevin və VAR otağında oturanların izləyib, “penalti deyil” deyə qərar verdikləri o epizoda dönə-dönə baxdım. FİFA və UEFA bir günün içində oyun qaydalarında dəyişiklik etməyibsə, həmin epizodda “Sabah”ın baş məşqçisi Murad Musayev demişkən, 200 faiz penalti var idi. Hətta 200 də yox, 2000 faiz. Penaltinin buynuzu olmalıdır, Elçin Məsiyevi və VAR otağında əyləşənləri dürtməlidir ki, “Qarabağ”ın qapısına 11 metrəlik cərimə zərbəsi təyin etsinlər?

Azərbaycan Premyer Liqasının oyunlarında kifayət qədər hakim səhvləri olur. Aralarında “biabırçı” təyininə uyğun gələnləri də var, xırda-para səhvlər də. Amma bir şey dəqiqdir ki, belə idarəçiliklə, hakimliklə Biləcəridən o tərəfə çıxmaq olmaz. Başqa bir şey də yüzdə yüz dəqiqdir ki, müstəqil Azərbaycan futbolunda adam arasına (oxu: avropalıların arasına) çıxarıla biləcək yeganə hakim Əliyar Ağayevdir. O da avrokuboklarda böyük oyunlar üçün yetişməyib, daha kiçik komandalar, daha az əhəmiyyətli qarşılaşmalar üçün hazırdır. Vəssalam, şüttamam.

Düzü, mən Elçin Məsiyevə və dəstəsinə AFFA-dan “Qarabağ”a kömək etmək tapşırığı verildiyinə inanmıram. Bunu onlardan “Qarabağ”ın istədiyinə də qətiyyən inanmıram. Nə “köhlən atlar”ın, nə də Qurban Qurbanovun belə haqsızlıqla qazanılan xallara, qələbələrə ehtiyacı var. Ola bilsin, Məsiyev və briqadası “Qarabağ”ın, Qurbanovun adından çəkinirlər, rəqib də yad biri – rusiyalı Murad Musayev olunca, “azərbaycanlı damarı” tutur, hamının gözü qarşısında haqlı penaltini haqsızlıqla “yeyirlər”.

Məsiyev və onun kimi digər referilər bir şeyi anlamırlar ki, “Qarabağ”ın lehinə haqsız qərarlar verərkən ölkənin ən reytinqli klubuna yaxşılıq etmirlər. Xüsusən də, Qurban Qurbanova qarşı təxribatla məşğul olduqlarını dərk etmirlər. Qurbanov bu “Qarabağ”ı zəhməti ilə, alın təri ilə indiki səviyyəyə çatdırıb. “Qarabağ” hakimlərin hesabına çempion oldu” fikrinin formalaşması kimə, niyə lazımdır? Sual açıqdır.

“Sabah”ın çalışdırıcısı Murad Musayev indiyədək Azərbaycana gələn ən yaxşı məşqçilərdən biridir. Niyə durub Rusiyadan bura gələn birində Azərbaycan futbolu haqda eybəcər, iyrənc təəssürat formalaşdırmalıdır Elçin Məsiyev kimilər? Deyəsən, bu adamlar təkcə “Qarabağ”a, Qurban Qurbanova yox, ümumilikdə Azərbaycan futboluna qarşı təxribatla məşğuldurlar axı.

AFFA Hakimlər Komitəsinin rəhbərliyinin yerində olsam (bütün bu hakim səhvlərində, biabırçılıqlarda öz barmaqları yoxdursa) Elçin Məsiyevi, “Qarabag” – “Sabah” matçındakı penalti epizodu haqda hökm vermək səlahiyyətində olan hər kəsi bir daha Premyer Liqa oyunlarına təyin etmərəm. Qoy getsinlər Azərbaycan futbolunun “böyük bazar”ında – birinci divizionda günlərini keçirsinlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button