Qurban Qurbanov: “Az da olsa, güləşlə və karate ilə məşğul olmuşam”
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qonaq olub.
Komanda.az xəbər verir ki, 50 yaşlı mütəxəssis tələbələrlə görüşüb, onların suallarını cavablandırıb. Ən yaxşı sualı verən tələbəyə isə “Qarabağ”ın forması hədiyyə olunub.
Qurbanov tələbələrlə görüşdə karyerasından və futbola necə gəlməsindən danışıb:
“Demək olar ki, bütün idman növlərində aktiv və bacarıqlı olmuşam. Futbol həmişə digərlərindən fərqlənib və buna maraq daha böyük olub. Az da olsa, güləşlə və karate ilə məşğul olmuşam. Amma futbolu yaddan çıxarmırdıq. Futbolda daim aktiv idim. 7-ci sinifdə oxuyanda böyüklərlə futbol oynayırdım. Şaban Şirdanov məni orada görüb bəyəndi və “Daşqın” komandasına dəvət etdi. Həmin vaxt böyük qardaşım Musa Qurbanlı əsgərlikdən gəlmişdi. Mənə dedi ki, səni futbolçu edəcəm. Daha sonra komandanın əsas oyunçularından biri oldum. İlk rəsmi matçımda müdafiənin solunda çıxış edirdim. Qardaşım və məşqçim məndən daha çox şeyləri tələb edirdi. Mən də daha çox məşq keçmək istəyirdim. Valideynlər daha çox təhsilə diqqət yetirməyimi istəyirdi. 8-ci sinifədək əlaçı olmuşam. Futbolda digərlərindən üstün olmağa çalışırdım. Təəssüf ki, indiki savad o vaxt yox idi. Məndə yavaş-yavaş futbolçu fəlsəfəsi formalaşdı”.
Bizi Facebook-da izləyin