
Qurban Qurbanov: “Barselona” ilə oynamaq bizim üçün böyük təhlükə olar”
”Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Ferentsvaroş”la cavab oyunu haqda danışıb.
Komanda.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov 2:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla Çempionlar Liqasına düşə bildilər. Onları təbrik edirəm və təşəkkür edirəm.
Cənab Prezident rəsmən bizi təbrik edib. Başda cənab Prezident olmaqla ailəsini də təbrik edirəm. Bizə bir daha göstərdi ki, gözü üstümüzdədir.
Bu gün sanki stadionumuz tam başqa idi. Biz nə qədər gərgin idiksə, azarkeşlərimiz də o qədər gərgin idilər. Bəlkə də, buna ən çox layiq olan azarkeşlərimiz idi.
Mənim “kartlarım” həmişə açıqdır. Fikirlərim necə idisə, mətbuat konfransında da bildirmişdim. Futbolçularıma rəqibin qıcıqlandırıcı müsahibələrinə fikir verməməyi, soyuqqanlı olmağı demişdim. Biz kiminsə sözlərinə fikir versək, işimizi qura bilmərik. İstənilən nəticədə biz qorxmalı deyildik. Futbolçularıma bütün bunları demişdim və yalnız əməl etmələri qalmışdı.
Harada oynayacağımıza qərar vermək mənim səlahiyyətimdə deyil. Çempionlar Liqasının çox kəskin tələbləri var. Olimpiya stadionunda vəziyyətin nə dərəcədə olduğunu bilmirəm. Qərar verilərsə, orada oynamağa hazırıq.
İldən-ilə hamımız dəyişirik. 8 ildən sonra bu turnirə qatılmaq fərqli hissdir. Futbolun dəyişən tərəflərini xırdalasam, bizim üçün problem ola bilər. Bəzən birlik, xarakter bu nəticəni verməyimizə kömək edir.
Mən belə oyunlara fərqli yanaşıram. Bəlkə, biz məğlub olmuşuq. Lakin “Ferentsvaroş” bugünkü qalibiyyətə ən azından layiq idi. Biz qalib gəldik və onlar bu gözəl məğlubiyyətə də layiq idilər. Mən futbolçularıma demək istəyirəm ki, onların da yanındaydım, nə hiss etdiklərini bilirdim. Onlara soyuqqanlı olmağı desəm də, özüm də gərgin idim. Onlar məncə, bunu hiss edirdi. Sonra onlara təşəkkür etdim və bağrıma basdım.
Biz xüsusilə də, hücum xəttində futbolçularımızı artırmaq istəyirik. Get-gedə yüklənmələrimiz çox olacaq, yorğunçularımız çox olacaq. Bu gün də bu hiss olunur. Çempionlar Liqası böyük turnirdir. Onları əlimizdə saxlamağa çalışacayıq. Alınarsa, yeni transferlər edəcəyik. Alınmasa, əlimizdən olan futbolçularla yetinəcəyik.
Biz bu uğurla dayanmamağa çalışacağıq. Daha çox çalışmalıyıq, iş saatımız çox olacaq. Hələ ki, gücümüz var və davam edəcəyik. Bu gözyaşları adi çempionatda da olur. Bu emosiyalar normaldır. Bu gün heç bir futbolçu haqda irad bildirmək istəmirəm, çünki bugünkü qələbədə hər birinin böyük rolu var.
Bütün bunlar ölkə futbolunu daha çox sevdirir. Futbolçular da böyük təcrübə toplayırlar. Bu ölkə futbolunu sevdirmək üçün çox böyük addımdır. Ola bilər ki, dövlət səviyyəsində futbol daha maraqlı olar. Hər kəsin bu anları canlı görməsi bizim üçün tam fərqli hissdir.
Hər şey ola bilər. “Barselona” ilə oynamaq bizim üçün böyük təhlükə olar. Lakin azarkeşlər üçün sevinərəm ki, onları canlı görərlər”.
Səfərdəki ilk matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinmişdi. Bununla da, “Qarabağ” ÇL-də liqa mərhələsinə yüksəlib.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin



