Qurban Qurbanov: “Haqqımda “getsin” deyənlərə deyiləcək bir sözüm yoxdur”

“Qarabağ” bu gün UEFA Avropa Liqasının liqa mərhələsinin 3-cü turunda “Ayaks”la qarşılaşıb.

Komanda.az xəbər verir ki, 0:3 hesabı ilə məğlub olan Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov ilk dəqiqələrdən çox yaxşı, dinamik çıxış etdiklərini bildirib:

“Təəssüf ki, məğlub olduq. Oyuna heç də pis hazırlaşmamışdıq. İlk dəqiqələrdən çox yaxşı, dinamik çıxış etdik. Bu komandaya qarşı heç də müdafiədən oynamaq istəmirdik. Əfsuslar olsun ki, oyunçularımız “qırmızı” aldılar. Belə böyük oyunlarda belə bəsit penaltilər, belə sadə vərəqələr göstərilirsə, deməli, daha da xırda şeylərə diqqət yetirməliyik. Oyunçularımın cəsarətli çıxışı məni məmnun etdi.

“Qırmızı” alan oyunçularla söhbət mütləq olacaq. Amma futbol mübarizə oyunudur. Belə sadə epizodlarda “qırmızı” verirlərsə, onda gərək biz futbol oynamayaq. Hər iki epizodda “qırmızı”nın verilməsi şübhəli qərardır. Yəqin biz hakimlərin qayda-qanunlarını bilmirik.

Amma hər bir halda, futbolçularımı qınayıram, ona görə ki, orada daha düzgün oynaya bilərdilər. Mən heç vaxt hakimlərin işinə qarışmıram. Yeri gələndə mən özüm də onlara meydanda kömək etməyə çalışıram. Heç vaxt hakimlərə qarşı çıxış etməmişəm, amma belə epizodlarda belə qərarlar mənə çatmır. Nə olsun ki, biz “Qarabağ”ıq, nə olsun ki, bizim ölkədə futbolun səviyyəsi Niderland çempionatından aşağıdır. Onsuz da biz böyük klublara qarşı oynayırıq.

Hakimin qərarlarından şikayət etməyəcəyik. Onsuz da qarşımıza elə bir şeylərlə gəlirlər ki, şikayət etməyimizin heç bir mənası qalmır. Hakim oyunun ağasıdır, buna görə də, biz onun qərarlarından şikayət etməyəcəyik. Onsuz da oyun bitib, şikayət etməyin də bir mənası olmayacaq.

Bu gün Bədavi Hüseynovla Kevin Medina daha hazırlıqlı idi deyə, onları meydana buraxdıq. Bəhlul Mustafazadənin müəyyən səhvləri olmasına baxmayaraq, bizim əsas oyunçumuzdur. Qarşıdakı oyunlarda özünü yaxşı göstərsə, əsas heyətdə çıxacaq. “Bəhlul meydanda olsaydı, biz qələbə qazanardıq” deyə bir şey yoxdur. Fikrimcə, bu gün Medinayla Bədavi oynamağa daha çox layiq idi.

Mənim haqqımda “getsin” deyənlərə deyiləcək bir sözüm yoxdur. Necə deyim… Mən nəsə deyə bilmirəm. Heç nə demək istəmirəm (gülür). Onu deyə bilərəm ki, çox sağ olsunlar. Sizdən də xahiş edirəm ki, mənə belə informasiyalar verməyin. Mən də öz sevgimi tam şəkildə komandama verə bilim”.

“Qarabağ” Avropa Liqasının növbəti turunda səfərdə “Budo Qlimit”lə üz-üzə gələcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button