Qurban Qurbanov dünya çempionu oldu!
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millinin 2 üzvü mübarizəyə qoşulub.
Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində qazaxıstanlı Oljas Sultana qalib gəlib – 5:0. Məmmədli 1/8 finalda hindistanlı Sumit Sumitə heç bir şans tanımayıb – 9:0. Nihat 1/4 finalda ukraynalı Vladislav Kuzkoya gücünü göstərərək (4:1) adını yarımfinala yazdırıb. Milli üzvü yarımfinalda qırğızıstanlı Nurmuxammet Abdullayevə 3:1 hesabıyla qalib gələrək finala adlayıb. Məmmədli həlledici görüşdə türkiyəli tanınmış güləşçi Kerem Kamala məğlub olaraq (0:8) gümüş medal qazanıb.
Qurban Qurbanov (72 kq) ilk mərhələdə fransalı Yanis Nifrini 7:2 hesabıyla üstələyib. Qurbanov 1/8 finalda estoniyalı Randel Uiboya vaxtından əvvəl qalib gəlib – 8:0. Qurban 1/4 finalda iranlı Əmir Abdini sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı İrfan Mirzoyevə 7:1 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb. Qurbanov finalda xorvatiyalı Pavel Puklaveçlə üz-üzə gəlib. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Qurban sonadək üstünlüyünü qoruyub və 8:2 hesablı qələbəylə dünya çempionu olub.
Beləliklə, dünya çempionatına 6 idmançıyla yollanan yunan-Roma güləşi üzrə milli mundialı 1 qızıl və 2 gümüş medalla başa vurub.
Bizi Facebook-da izləyin