Qurban Qurbanov: “Bir oyunda üç dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, Qurbanov 2:3 hesabı ilə məğlub olduqları oyun haqda bunları deyib:
“İlk öncə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu mövsüm Avropa Liqasının bütün ev oyunlarında bizimlə bərabər oldular. FCSB ilə matçda da sona qədər bizə inandılar və güvəndilər. Düşünürəm ki, azarkeşlərin buna haqqı çatırdı. Təəssüf ki, bu mövsüm çıxışımız uğurlu alınmadı. Bir oyunda üç dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir. Belə hallar futbolun xoşagəlməz tərəfləridir. Bir neçə qol şansı yaratdıq. Rəqib komanda standart vəziyyətlərə çox yaxşı hazırlaşmışdı. Bakıdakı son oyunumuzda qələbə qazanmaq istəyirdik. Hər bir halda pozitiv olmalı, qarşıdakı oyunlara baxmalıyıq”.
Baş məşqçi bu matçda qapıda Fabian Buntiçə şans verməsinin səbəbini də açıqlayıb:
“Koxalski zədəli olduğu üçün Buntiçə şans vermişdim. Buna görə peşman deyiləm. Qolların təkrarına baxdım. Düşünürəm ki, çətin toplar idi, Buntiçi günahlandırmaq istəməzdim.
Belə nəticə oyunlara təsir edə bilər. Futbolçularım çox üzgün idilər. Biz digər oyunlara daha ciddi hazırlaşmalıyıq”.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin