“Pulum qurtarandan sonra hamı mənimlə düşmən oldu” – Müsahibə
Qubanın “Şahdağ” komandasının prezidenti Xanbaba Daşdının Komanda.az saytına müsahibəsi:
- Xanbaba bəy, klubdan ayrılacağınız və “Şahdağ”ın fəaliyyətini dayandıracağı deyilir. Klubda nə baş verir?
- Klubda baş verənlərə birbaşa cavabdeh şəxs mənəm. Hər şey yolunda idi. Lazım olan hər şeyi də etdim.
- Region Liqasına yaxşı hazırlaşmışdız və komanda iddialı idi. Niyə belə oldu, konkret səbəb nə idi?
- Bəzi klublar çempionatın başlamasına bir həftə qalmış hazırlaşırdı, biz isə bir aydan çox çalışdıq.
- Konkret səbəb?
- Bu yükü tək daşıya bilmədim. Qubanı təkbaşına təmsil etdim…
- Daha açıq danışsaq?
- Açıq? (gülür)
- Yükü tək başınıza daşıyırdız. Bəs bu yükü daha ağırlaşdıran nə oldu? Klubdaxili məsələ, ya hansısa kənar müdaxilə?
- Klubdaxili.
- Yəni?
- Hər şey yolunda idi. Sadəcə…
- “Şahdağ”da nəyi bölüşə bilmirdiz?
- Dəstək olan yox idi, sınıxdım. Hər kəs işimdən razı idi, ta ki, pulum qutarana qədər. Pulum qurtarandan sonra hamı mənimlə düşmən oldu.
- Klubun rəhbəri siz idiz. Kim sizi işinizdən getməyə vadar edir?
- “Şahdağ” dağılmayıb, fəaliyyətinə davam edir. Ad yox, adlar çəkəcəm. Amma bir həftə sonra…
- Vəzifənizdən rəsmi ayrılmısız?
- Xeyr. Liqanın başlamasına vaxt var. Bu səbədən, hələ tam qərar verməmişəm.
- Məsələnin həlli yolu nədir? Nə etmək niyyətindəsiz?
- Məsələnin həll yolu yaxşı maliyə dəstəyidir. Bir böyük şirkətlə iki gündür danışıq aparırıq. İnşallah, mənfi cavab gəlməz. Çünki bir neçə dəfə belə halla rastlaşmışam, sonda nələrsə düz getmir və alınmır. Buna görə, vəziyyətə uyğun qərar verəcəyik. Çempionluq hədəfi ilə başlayıb, o cür də bitirmək istəyirəm. Əks halda, mübarizəyə başlayan deyilik. Hər zaman çempionatda hədəfsiz oynamağın əleyhinə olmuşam.
- Daha əvvəldən hər situasiyanı nəzərə almamışdız?
- Əslində almışdım, ancaq yaxşı olacağına ümid edirdim. Çünki sponsor cəlb etmək üçün ortaya iş qoymaq lazımdır.
- Hazırda vəziyyət nə yerdədir?
- Fərqli bir şey yoxdur. Həftəsonunu gözləyirəm. Tam qərarımı sonra verəcəm.
- Nə kimi yenilik gözləyirsiz?
- Ciddi bir sponsor olmazsa, klubun fəaliyyətini dayandıracam.
- Hazırda neçə sponsorla danışıqlar gedir? Komandanın heyəti tamdır? Deyilənlərə görə, bir çox futbolçu artıq ayrılıb, başqa komandalara üz tutublar.
- Bir Türkiyə şirkəti ilə real danışıq gedir. Görək, necə olacaq. Pul olandan sonra istənilən futbolçunu gətirə bilərəm.
- Komandanı pis gündə tərk edənləri yenidən qaytarmaq nə dərəcədə faydalı olar?
- İndi gedənləri gətirməklə bağlı düşüncəm yoxdur.
- Hazırda komandada neçə futbolçu var?
- Desəm, inanmazsız. Bu haqda heç məlumatım yoxdur. Təxminən 15 oyunçunun gedişi təsdiqlənib. Bunlar marağımda deyil və buna görə, danışmaq istəmirəm. Bu günə kimi hansısa oyunçu zəng edib mənimlə sağollaşmayıb. Bir neçə gün əvvəl Hafiz Məmmədovun (keçmiş “Bakı” klubunun prezidenti) həbs olunma xəbərlərini oxudum. Çox üzüldüm. Başa düşdüm ki, dəyərsizləşmək iki dəqiqəlik işdir.
- Düşünək ki, sponsor tapıldı, klubda işinizə davam etdiz. Nə qədər vaxtınız olacaq heyət yığmağa?
- Vaxtımız var. Güzəştlər də edilməlidir.
- AFFA-ya müraciət edəcəksiz?
- İndilik AFFA ilə bağlı nəsə danışmaq istəmirəm.
- Nədən ehtiyatlanırsız?
- Nədənsə ehtiyatlanmalıyam? Sadəcə, danışmaq istəmirəm. AFFA-dan və ya hansısa klubdan nəsə gözləntim yoxdur. Mən yaxşıya yaxşı, pisə pis deyən insanam.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin