“Qrupu birinci pillədə başa vurmaq istəyirik”
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva səfərdə Polşaya qarşı keçirəcəkləri DÇ-2024-ün əsas qrup mərhələsinin oyunundan öncə açıqlama verib.
Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qrupun son oyununda meydanda tətbiq etmək istədiyi bəzi məqamlardan söz açıb:
“Az da olsa onların üzərində işlədik. Düzdür, ilk məşqdə elə də çox vaxtımız olmadı. Çünki bura gəlmək üçün xeyli yol qət etmişik, uşaqlarda yorğunluq var. Müdafiədən hücuma çıxmağa, müəyyən taktiki çalışmalara vaxt ayırdıq”.
Braziliyalı mütəxəssis rəqibin görüşə yaxşı hazırlaşdığını söyləyib:
“Hətta onlar tərəfindən verilən müsahibələr, açıqlamalarla da tanışam. Hər dəfə qələbə qazanmaq istədiklərini qeyd edirlər. Oyuna yaxşı hazırlaşmışıq və qrupu birinci pillədə başa vurmaq istəyirik”.
Joze Alesio bəzi futzalçıların müxtəlif səbəblərdən məşqdə iştirak edə bilmədiyini diqqətə çatdırıb:
“Tyaqo Bolinya qrip olub, Felipinyo və Ramiz Çovdarovun isə yüngül zədəsi var. İnanıram ki, onlar Polşa ilə oyunda bizə kömək edəcəklər”.
Xatırladaq ki, Polşa – Azərbaycan oyunu martın 7-də keçiriləcək.
Bizi Facebook-da izləyin