
Qrizmann valideynlərə səsləndi
“Atletiko”nun və Fransa millisinin hücumçusu Antuan Qrizmann futboldakı irqçiliklə bağlı mövqeyini FİFA-nın mətbuat xidmətinə verdiyi müsahibədə bildirib.
Komanda.az xəbər verir ki, o, futbolun birləşdirici gücündən danışaraq, irqçi təhqirlərin aradan qaldırılmasının yollarını vurğulayıb:
“Futbolun dünyanı birləşdirdiyi ifadəsi sadədir, amma doğrudur. Oyun zamanı meydanda və tribunalarda fərqli mədəniyyətlərdən və ölkələrdən olan insanlar olur. Bunu görəndə futbolun gücünü dərk edirsən. Hər azarkeş ya öz ölkəsinin, ya da doğma klubunun formasını geyinir.
Bu çox kədərlidir ki, meydanda və ehtiyat oyunçular skamyasında olan futbolçulara qarşı hələ də çox pis və axmaq qışqırıqlar səslənir. Bu təhqirlərə burada yer yoxdur!
Biz insanlar kimi inkişaf etməliyik. Bu, valideynlər və böyüklərə də aiddir. Çünki çox vaxt təhqiramiz sözləri və hərəkətləri stadionda elə valideynlər uşaqlarının qarşısında edirlər. Uşaq da təbii ki, gördüyünü təkrarlayacaq.
Bütün valideynlərə və böyüklərə səslənirəm: dediklərinizə və hərəkətlərinizə nəzarət edin. Yalnız bu yolla biz bu axmaqlığa son qoya bilərik. Uşaqlarınızı necə tərbiyə etdiyiniz çox önəmlidir. Siz nümunə göstərməli, hər kəsə – klubun işçilərinə, stadion personalına, ətrafınızdakılara hörmətlə yanaşmalısız”.
Bizi Facebook-da izləyin