“Qrizmann bizim üçün lazımlı futbolçudur”
İspaniya La Liqasının 29-cu turu çərçivəsində öz meydanında “Leqanes”ə 2:0 hesabıyla qalib gələn “Barselona”nın baş məşqçisi Kike Setyen açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunla bağlı fikirlərini bildirən 61 yaşlı mütəxəssis, Antuan Qrizmann və ilk qolun müəllifi olan Ansu Fatiylə bağlı da danışıb:
“Oyunun çətin keçəcəyini bilirdik. Matça yaxşı başlasaq da, topu çox itirirdik. Bu zaman rəqib qol vura bilərdi, amma sonradan oyuna nəzarət etməyi bacardıq. Rəqib mükəmməl şəkildə müdafiə olundu. Rəqib komanda yaxşı müdafiə olunursa, boşluq tapmaq üçün çox yaxşı iş görməlisən.
Qrizmann bizim üçün lazımlı futbolçudur. O, hər birimiz üçün çox vacibdir.
Ansu da bu gün çox yaxşı oynadı, ilk qolumuzu vurdu. Buna görə çox xoşbəxtəm. O, çox çalışır və bizə çox kömək edir”.
29 turdan sonra 64 xal toplayan “Barselona” turnir cədvəlinə liderlik edir.
Bizi Facebook-da izləyin