Qonsalo İquayn rəsmən ABŞ klubunda
İtaliya çempionu “Yuventus”dan ayrılan Qonsalo İquaynın yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, argentinalı hücumçu gözlənildiyi kimi ABŞ-ın “İnter Mayami” klubuna transfer olunub.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı argentinalı futbolçu ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, İquayn dünən “Yuventus”la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etmişdi. Kayrerasına ölkəsinin “River Pleyt” klubunda başlayan İquayn, İspaniyada “Real”ın, İtaliyada “Napoli”nin də uğurları üçün çalışıb. O, 2016-cı ildən formasını geyindiyi “Yuventus”da olarkən qısa müddət “Milan” və “Çelsi”də icarədə də çıxış edib.
İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemin sahibi olduğu “İnter Mayami” bu mövsüm ilk dəfə MLS-də mübarizə aparır.
Bizi Facebook-da izləyin