“Qoldan sonra oyunda dönüş yaratmaq çox çətindir”
Bu gün DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində “ASK Arena”da keçirilmiş Azərbaycan – Malta oyunundan sonra hər iki komandanın baş məşqçisi AFFA-nın rəsmi saytına açıqlama verib.
Komanda.az sizi həmin açıqlamalarla tanış edir:
Siyasət Əsgərov (Azərbaycan milli komandasının baş məşqçisi): “Monteneqro və Malta milliləri bizimlə eyni gücdə olan komandalardır. Məqsədimiz bu oyunlardan qalib ayrılmaq idi. Monteneqro ilə oyunda səhvlər buraxdıq və nəticədə 0:2 hesabı ilə məğlub olduq. Malta millisi ilə oyuna gəlincə, ilk hissədə yaxşı oynadıq. Təəssüf ki, istədiyimiz qolu vura bilmədik. Fasilədən sonra səhv etdik və qapımıza penalti zərbəsi təyin edildi. Qoldan sonra oyunda dönüş yaratmaq çox çətindir. Çünki komanda ruhdan, oyundan düşür. Vaxt azaldıqca sistemdə bəzi dəyişikliklər etdik. Komandam daha çox hücum etməyə başladı. Rəqib müdafiədəki boşluqdan istifadə edib ikinci qolu vurdu. İkinci qoldan dərhal sonra hesab arasındakı fərqi azaltmağa müvəffəq oldu. Təəssüf ki, ikinci qolu vurmaq üçün vaxt çatmadı. Oyunun son dəqiqələrində yüz faizlik qol imkanını boşa verdik”.
Mark Anthoni Qatt (Malta milli komandasının baş məşqçisi): “Hər iki komandanın ifasında rəqabətli oyun izlədik. Qələbə qazanmaq istəyirdik. Bizim üçün çox çətin oyun oldu. Bununla belə, qalib gəlməyi bacardıq”.
Bizi Facebook-da izləyin