“Dünya ulduzları lezbiyan olduqlarını açıqlamaqdan qorxmurlar, bizdə isə belə şey görməmişəm” – Müsahibə
Qızlardan ibarət Azərbaycan milli komandasının və Türkiyənin “Fatih Vatan” klubunun üzvü Aysun Əliyeva “offsideplus.az” saytına müsahibə verib.
Komanda.az həmin müsahibəni təqdim edir:
- Futbolçu olmaq istəyin necə yarandı?
- Bu dəqiq yadımda deyil. Uşaq olanda qardaşım məhlədə dostları ilə futbol oynayırdı. Mən də hər dəfə onları izləyirdim. Televizorda da oyunlara baxırdım, amma anlamırdım. Qardaşımdan oyunun qaydalarını soruşurdum. Sonra evdə öz-özümə corablardan top düzəldib oynamağa başladım. 8 yaşımda Lökbatanda oğlan komandası ilə birgə məşqə başladım. Onların liqasında oynayırdım. Əvvəlcə buna hobbi kimi yanaşırdım. Dərslərimə daha çox fikir verməyə çalışırdım. Elə düşünürdüm ki, Azərbaycanda futbolla məşğul olan tək qız mənəm. Sonra eşitdim ki, ölkəmizdə qızlar arasında Dünya Çempionatı keçiriləcək. Məşqçinin sayəsində millinin seleksiya məşqlərinə qoşuldum. Yığmaya seçildim. 10 ildir ki, millinin üzvüyəm. Belə-belə professional futbolçu oldum.
- İlk klubun hansı olub?
- Lökbatanda oğlanların “Neftçi İSM” komandası var idi. İlk dəfə orada futbolun sirrlərini öyrənmişəm. Bir mövsüm oğlanlarla birgə oynamışam. AFFA-da seleksiyadan keçəndən sonra “Səbail”də çıxış etməyə başladım. 6 il burada çıxış etdim. Hazırda da Türkiyənin “Fatih Vatan” klubunda çıxış edirəm.
- Oğlanlarla birgə oynamağın hansı çətinlikləri var idi?
- Cüssəcə onlardan balaca idim. Fiziki olaraq çatdıra bilmirdim. Buna görə də utanırdım. Amma yaxşı olub ki, oğlanlarla oynamışam. Çünki bu, gələcək karyeramda mənə çox kömək oldu.
- Nə kimi üstünlüklər yaratdı sənə?
- Texnika, topla davranış və koordinasiya baxımından bir çox qız futbolçulardan üstünəm. Bu da oğlanlarla birgə oynayan zaman yiyələndiyim bacarıqlardır.
- Azərbaycanda qadın futboluna maraq formalaşıb?
- Əvvəllər çox az idi. İndi yavaş-yavaş formalaşıb. Lakin Türkiyə və ya Avropadakı kimi deyil. Bizdə hələ də deyirlər ki, qadın futbol oynamaz. Elə qızlarımız var ki, hələ də çəkinirlər.
- Azərbaycandakı qadın futbolu ilə Avropadakının fərqi nədir?
- Həm oyun, həm də mental düşüncədə geri qalmışıq. Məsələn, Türkiyədəki çempionatda 12 komanda mübarizə aparır. Maddi imkanları olduqca yüksəkdir. Bütün klubların heyətində mənim kimi legionerlər var. Futbolçu seçimində problemlər yaşamırlar. Bizdə valideynlər qızlarına futbol oynamağa imkan vermirlər. Türkiyədə və Avropada qadınların oyununa maraq çoxdur. Hər oyun tribunalar azarkeşlərlə dolu olur. Bizdə belə deyil, demək olar ki, maraq heç yoxdur.
- Ailəmdə futbolçu olmağına ən çox kim qarşı çıxdı?
- Anam! Qardaşlarım və atam o qədər də problem yaratmadı. Anam istəyirdi ki, oxuyub ali təhsil alım. O, jurnalist olmağımı arzulayırdı. Mən isə futbolçu olmağı seçdim (gülür).
- Futbolçu olandan sonra hansı problemlərlə üzləşdin?
- Qohumlarım qarşı çıxırdılar. Ən çox da bibim oğlu. Küçədə futbol oynadığımı görüb gəlmişdi evimizə. Atamla anama demişdi ki, mən utanıram ki, dayım qızı futbol oynayır. Anam da belə şeyləri görüb qarşı çıxırdı. Sonradan hər şey qaydasına düşdü. İndi deyir ki, nə yaxşı ki, futbolçu olmusan.
- Başqa hansısa idmanla məşğul olmusan?
- Anam bir ara qarşı çıxdı oynamağıma. Mən də basketbola getdim, voleybol oynadım. Sonra gördüm ki, alınmır, qayıtdım futbola.
- Futbolçu olmağın təhsil almağına mane olmadı?
- 11 illik məktəbi bitirmişəm. Universitetə hazırlaşanda “Antalyaspor”dan təklif gəldi. Mən də ali təhsili yox, futbolu seçdim. Həmin mövsümdə “Antalyaspor”da oynadım. Daha sonra Azərbaycana qayıdıb məşqçilik kursuna getdim. C və B kateqoriyalarını oxudum.
- Türkiyədəki komandanla Azərbaycandakı qadın klubları arasındakı fərq nədir?
- Əsas məsələ maliyyədir. Oradakı bütün komanda üzvləri maaş alırlar. Qələbə qazananda futbolçulara mükafatlar verilir. Burada bəzi qızlar pul qazana bilmədiklərinə görə, oxumağın arxasınca düşürlər. Orada isə hər şey tam fərqlidir.
- Qızlardan ibarət milli təlim-məşq toplanışındasınız. Nə kimi yeniliklər var?
- Yığmamız bu il yaranıb. Üç oyun keçirmişik. Təcrübəmiz çox azdır. Hazırda elit məşqlər keçirik. Xaricdə çıxış edən futbolçular fasilədən istifadə edib burada məşq edirik. Yanvarın 11-i Polşaya qarşı oyunumuz var. Ona hazırlaşırıq. Hər şey çox təzədir. Çalışırıq ki, milliyə layiq olaq.
- Komandada ümumi vəziyyət necədir? Digər qızlar futbolçu olduqlarına görə çətinlik yaşamırlar?
- Böyüklər alışıblar. Aytac, Jalə və mən Dünya Çempionatında oynamışıq. Biz bu stressi atmışıq üzərimizdən. Yenilər biraz çətinlik çəkirlər. Məşqçilərimiz də çalışır ki, onlara belə situasiyalarda dəstək olsunlar.
- Dünya çempionatından sonra millidə qalmaqallar yaşandı. Bir çox futbolçuların lezbiyan olduğu iddia olunurdu, bəzi futbolçular özləri də bunu etiraf etdilər. Hazırda belə bir problem var?
- Elə şeylərdən uzağıq. Başqa yerlərdə, Türkiyədə, Avropada bu, normaldır. Dünya ulduzları lezbiyan olduqlarını açıqlamaqdan qorxmurlar, bizdə isə mən belə şey görməmişəm. Bizdə müəllimlər belə şeylərə pis baxırlar. İnanmıram ki, buna şərait da yaratsınlar.
- Müəllimlərin şəxsi həyata qarışması futbolçuların uğurlu çıxışına təsir göstərmir? Özün də bildirdin ki, dünya ulduzları belə şeyləri kompleks etmirlər. Bəlkə uğursuzluğun səbəbi bu qadağalardır?
- İnanmıram ki, bizdə lezbiyan futbolçu olsun. Ümumiyyətlə, uğur qazanmaq üçün çox çalışmalısan. Yolunu azmaqla nəsə əldə etmək mümkün deyil. Məşqdən sonra yeyib-içib kef edəcəksənsə, uğur səndən uzaq olacaq.
- Aysun Əliyeva çox çalışır?
- Əlbəttə!
- Onun “Fatih Vatan”da çıxış etməsi uğurdur?
- Hələ ki, yox! Məqsədim İspaniyada çıxış etməkdir. Türkiyə, Qazaxıstan, Rusiyada çıxış etmək uğur deyil. Avropanın böyük futbol liqasında oynamaq istəyirəm. Yığma komanda ilə naliyyət əldə etməkdir mənim üçün uğur qazanmaq.
- Millinin məşqçisinin sənə inamı var?
- Siyasət müəllimi illərdir tanıyıram. O, bizə böyük qardaş kimidir. Fərqi yoxdur nə istəyəcəksən, hər zaman öz dəstəyini bizdən əsirgəmir.
- Elxan Məmmədovun məşqdən sonra səni yanına çağırıb söhbət etməsi diqqətimizdən yayınmadı. AFFA rəhbərliyinin qadın futbolçulara diqqəti fərqlidir, yoxsa bunu ancaq siz qazanmısız?
- Elxan müəllim məni uşaqlıqdan tanıyır. 10 ildir ki, millinin heyətində çıxış edirəm. Tədbirlərdə çıxış edirəm. Buna görə, məni tanıyır. Amma düşünürəm ki, bu, bütün qızlarımıza şamildir. AFFA rəhbərliyi, Elxan müəllim qadın millinin üzvlərinə bir balaca daha artıq diqqət göstərir (gülür).
- Bu arxayınlaşmağınıza səbəb olur, ya məsuliyyəti daha da artırır?
- Qızlar diqqəti xoşlayırlar (gülür). Bu, bizim xoşumuza gəlir. Bundan əlavə motivasiya alırıq. Federasiyanın qayğısı bizə əlavə güc verir.
- Hazırda futbol sənin üçün işdir, yoxsa yaşam tərzi?
- Tam səmimiyyətimlə deyirəm ki, bu, mənim həyatımın parçası olub. Bir ay zədəli qaldım, ayağıma top dəymədi. Özümü qəribə hiss edirdim. Futboldan pul qazansam da, qazanmasam da, ayrı qala bilmirəm. Bu, mənim həyatım bir parçası olub.
- Kumiriniz olan hansısa futbolçu var?
- İniyesta, Xavi, son vaxtlarda da Luka Modriç. Mənimlə eyni mövqedə çıxış edirlər deyə. Bir də azərbaycanlılardan Qara Qarayev. Çox işlək futbolçudur. O insan yorulmur deyəsən (gülür).
- Bu futbolçular və ya başqalarından kimlərlə görüşmək istəyərsən?
- Adını çəkdiklərinimin hamısı ilə. Xanımlardan braziliyalı Marta ilə görüşmüşəm. Azərbaycan gəlmişdi. Bizimlə görüşdü, suallar verdik, məşqimizi izlədi. Belə oynamaq istəyərdim Aleks Morqana qarşı. O da ki, şəxsi həyatına görə, karyerasını bitirdi. İndi övladlarına daha çox vaxt ayıracaq.
- Futbol sevgi münasibətində hansısa problem yaratmır ki?
- Həyatımda kimsə olmadığına görə, problem yaratmır (gülür).
- Futbolçu olmağın həyatında kimsənin olmamasına səbəb ola bilər?
- Xeyr! Belə düşünmürəm. Futbolçu olub ailə həyatı quranlar var. Məsələn, Nigar var. Namiq Ələsgərovla evlidir. Əminə də var idi. Bizim əvvəlki kapitanımız idi.
- Adını çəkdiklərinin hamısı ailə həyatı qurduqdan sonra karyeralarını bitiriblər…
- Əminə məşqçi işləyir. Günay İsmayılova da evlidir. O da əvvəlcə qapıçımız idi. İndi evlənib İstanbulda yaşayır. Tez-tez görüşürük. Belə baxanda hamısı ailə həyatı qurandan sonra futbolçu karyeralarını bitiriblər. Yəqin ki, həyat yoldaşları və ya özləri belə məsləhət görüblər. Amma istəyərəm ki, həyatımda məni futbolçu olaraq qəbul edən, belə sevən biri olsun. O insanla ailə quraram ki, məni başa düşər, deməz ki, futbol oynama.
- Karyeranda ən maraqlı hesab etdiyin qarşılaşma hansıdır?
-2016-cı ildə Belçika ilə oyun. 3:0 hesabı ilə qələbə qazanmışdıq, amma gözləmirdik (gülür). Hətta qol da vurmuşdum. Buna görə çox sevincli idik. - Futbolda başına gələn ən maraqlı hadisə nə olub?
- Komanda şəkilində liftdə qalmışıq. 17 nəfər minmişdik, bu da problem yaratmışdı (gülür). Maltada təlim-məşq toplanışında idik. Komanda yoldaşımızın ad günü idi. Tort almışdıq. Bilirdik ki, 6 nəfərdən artıq minmək olmaz. Amma qərar verdik ki, hamı liftə daxil olsun. Yarı yolda xarab oldu. Sonra gəlib bizi xilas etdilər. Tortu da liftdə yedik. Amma federasiya buna görə cərimələdi (gülür). Maaşımızdan kəsdilər.
- Karyeran ərzində peşman olduğun hadisə olub?
- Nigar Cəlilinin futbolu tərk etməsi. Namiq Ələsgərov Azərbaycan qadın futbolunun “qol maşını”nı əlimizdən aldı. Onun gedişinə çox pis olmuşdum. İndi də kaş karyerasını bitirməzdi deyirəm.
- Komandada ən yaxın dostun olaraq kimi görürsən?
- Hamımız mehribanıq. Amma hər yerdə bir nəfər digərlərindən fərqlənir. Mənim də digərlərindən fərqləndirdiyim qapıçımız Aytac Şərifovadır. Ona dərdimi deyə bilirəm. Qızlarımız mehribandırlar mənə qarşı. Lazer, Şəfəq, Jalə, ümumiyyətlə hamımız yaxşı anlaşırıq.
- “Qadınlar olan yerdə qısqanclıq da olar” deyimi var. Hazırda komandanın əsas simasısan. Özünə qarşı qısqanclıq hiss etməmisən?
- Hiss etmişəm, amma reaksiya verməmişəm. Amma milli komandadan deyil. Həmin şəxs Azərbaycanda futbol oynayır. Bəlkə də bu qısqanclığına görə millidən kənarda qalıb. Ad çəkməyəcəm, oxuyanda özü biləcək. Tək məni qısqanmırlar ki, hamıya qarşı belədirlər.
- Futbolla məşğul olmaq istəyən, ancaq bundan çəkinən qızlara nəyi məsləhət görərdiniz?
- Arzularınızın arxasınca gedin. Heç nədən çəkinməyin. Problemlərlə üzləşəcəksiniz, amma sonda uğur qazananda hamı yanınızda olacaq. Məqsədiniz üçün yolunuzu azmasaz, daha çox hörmət, uğur əldə edəcəksiz.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin