“Qızıl top”a namizədliyimlə bağlı fikirlər məni qürurlandırır”
“Liverpul”un və Braziliya millisinin qapıçısı Alisson Bekker açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı qapıçı, yeni mövsüm üçün gözləntilərindən və “qızıl top” mükafatı haqqında danışıb:
“Həm “Liverpul”la, həm də Braziliya millisi ilə bağlı yeni mövsüm üçün gözləntilərim yüksəkdir. Fərdi uğurlarla yanaşı, həm də komanda olaraq hədəflərimiz var. Hələ də çatmaq istədiyim məqsədlərim var və ümid edirəm ki, bu mövsüm keçən illə müqayisədə daha yaxşı olacaq.
“Liverpul”la Çempionlar Liqasını, yığma ilə Amerika kubokunu qazandım. Hər iki uğur çox əhəmiyyətli idi. Çempionlar Liqası Avropanın ən vacib klub turniridir və “Liverpul” uzun müddət idi ki, burda qalib gələ bilmirdi. Amerika kubokunu qazanmaq da mənim üçün xüsusi oldu. Ən əsası odur ki, bu kuboku Braziliyada, öz azarkeşlərimizin qarşısında qaldırdıq.
“Qızıl top”a namizədliyimlə bağlı fikirləri oxuyuram və bu, məni qürurlandırır. Amma eyni zamanda, bilirəm ki, bu, heç də asan deyil. Qapıçısansa, bu, daha da çətindir. İnsanların fikirləri, dedikləri onu göstərir ki, mən öz işimi yaxşı görürəm və onlar bunu yüksək qiymətləndirirlər.
Qapıçıların oyunlarda əsas futbolçu olsalar da, digərləri qədər mükafat qazanmadıqlarına gəlincə, biz matçlarda çox iştirak edirik. Digər mövqelərlə fərq ondadır ki, qapıçılar qol vurmurlar, əksinə, buna mane olurlar. İnsanlar qolları, qolu qeyd etməyi sevirlər. Bu, futbolda ən vacib məqamdır və düşünürəm ki, buna görə hücumçular daha çox qiymətləndirilirlər”.
Bizi Facebook-da izləyin