“Qızıl dubl” etmək istəyirik”

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Premyer Liqanın 28-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 4:1 hesabı ilə qalib gəldikləri matçın ardından mövsümü belə dəyərləndirib:

“Hər kəsi təbrik edirəm. Üstümüzdə fərqli məsuliyyət var idi. Ötən il əldən verdiyimiz titulu qaytarmaq istəyirdik. Uğurlu mövsüm keçirdik. Builki kollektivimiz daha da təkmilləşib. Fərqli yanaşma oldu. Çempion olduqdan sonra məsuliyyət artır. Həm adı qoruyub-saxlamaq, həm də ölkəni avrokuboklarda təmsil etmək lazımdır. Bizə dəstək olan insanlara təşəkkürümü bildirirəm. Hər kəs əziyyət çəkdi”.

Təcrübəli oyunçu öz çıxışını da dəyərləndirib: “Mənim üçün sabitlik önəmlidir. İl ərzində fərqli yüklənmələr olur. Heç vaxt oyunumdan razı olmuram. Daha yaxşısını etməyə çalışıram”.

Qarayev “Zirə”yə qarşı keçirəcəkləri Azərbaycan kubokunun final oyunu barədə danışmağın çətin olduğunu vurğulayıb: “Tək matçlar bir az çətin olur. Şanslar bərabərdir. Əlimizdən gələni etmək istəyirik ki, kuboku da qazanıb, “qızıl dubl” edək. Ciddi hazırlaşacağıq”.

O, iyunda Millətlər Liqasında keçiriləcək matçların Azərbaycan yığmasına dəvət alan futbolçular üçün çətinlik yaradacağını əlavə edib: “Çünki mövsümün əvvəlindən ağır rejimdə çalışmışıq. Yenə də fasiləsiz davam edəcəyik. Millidən qayıtdıqdan sonra da vaxt qalmayacaq, avrokuboklara hazırlaşacağıq. Amma bu, bizim işimizdir. Bu dövrü zədəsiz yola verməyə çalışacağıq”.

Yarımmüdafiəçi Millətlər Liqasındakı şansları da dəyərləndirib: “Hamısı bizimlə eyni səviyyədə olan komandalardır. Kim daha yaxşı oynayacaq, xarakter göstərəcək, o da qalib gələcək”.

Ağdam klubunun müdafiəçisi Kevin Medina isə ilboyu bu anı yaşamaq üçün oynadıqlarını bildirib:

“Bunun üçün qələbələr qazanırdıq. Özümə gəlincə, hər matçda əlimdən gələni edirdim. Çalışırdım ki, bütün bacarığımı meydanda göstərim”.

“Qarabağ”ın gənc futbolçusu Toral Bayramov da çempionluqla bağlı fikirlərini bölüşüb:

“Budəfəki çempionluq yolumuz çox ağır oldu, əziyyət çəkdik. Bütün oyunlara ciddi hazırlaşdıq və nəticədə vaxtında əvvəl çempionluğu təmin etdik.

Bütün komandalar özlərinə görə mübarizə apardılar. Sadəcə, baş məşqçimizin bizə aşıladığı xarakter həlledici oldu. Bilirsiniz ki, Qurban Qurbanov biz “döyüşçü” deyir. Həm məşqdə, həm də oyunda istəkli oluruq. Baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Bu da sonda böyükhesablı qələbələrə gətirib çıxarır”.

Gənc oyunçu hər zaman meydana yeni tarix yazmaq üçün çıxdıqlarını söyləyib: “Əlimizdən gələni edəcəyik ki, yeni uğurlar qazanaq. Hətta Çempionlar Liqasında qrupdan çıxmağa çalışacağıq”.