“Qışda yerli futbolçu alınmasını istəyirəm” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 17-ci turunun “Zirə” ilə matçından sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün üzücü xəbər aldıq. Azərbaycan futbolu üçün dəyərli insanlar qəzaya düşüb. Allahdan onlara şəfa diləyirəm. Bu gün çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynadıq. “Zirə” ən az qol buraxan komandadır. Bu, asan deyil. Onların müdafiə xəttini yarmaq çətin idi. Meydanda taktiki savaş getdi. Rəqib sistemini dəyişmişdi. Rəşad Sadıqov sürpriz etməyi sevir. Yaxşı oynadığımız oyunlarda məğlub oluruq. Yenə də qorxmadıq. “Zirə” ilə kubokda da oynayacağıq. İlin sonunda sıx qrafikdə oynamaq çətindir. Amma futbolçularıma inanıram. Rəhbərliklə bir yola başlamışıq. Bu yolu keçməliyik. Futbol xarakter oyunudur. Bu gün oyunçularda mübarizə əzmini gördüm.

Keçən il qalib gəlirdik, narazı qalırdılar. Hətta deyirdilər ki, uduzaq, amma hücum edək. Mənim hücum və ya müdafiə baxışım yoxdur. Futbol komanda oyunudur. Bu gün böyük komandalar da kompakt oynayır. Bu mövsüm hücuma üstünlük veririk. Çünki, hücumameyili oyunçularımız çoxdur. Mövsümün əvvəlində futbolçuların zədə alması, komanda şəklində müdafiədə problem yarartdı.

Qış fasiləsində yerli futbolçu alınmasını istəyirəm. Elə futbolçu istəyirəm ki, heyətimizdə olanlardan güclü olsun. Axtarışdayıq. Danışıq apardığımız futbolçular var. Hazırda legioner transferi düşünmürük. Son iki mayçdan sonra ümumi təhlil edib qərar verəcəyik.

Deyirik ki, legioner oynatmayaq. Keçən il “Şamaxı”nı niyə qınadıq? Fikirlər çoxdur. Hərə bir yerə yoza bilər. Azərbaycanda 2-3 hücumçu gətirə bilərik? Mərkəz müdafiəçisi deyək. Bəzi komandalar qapıçı problemi yaşayır. Çempionatda qalmaq üçün komandaya legioner lazımdır. Mən öz büdcəmə uyğun legioner gətirirəm. “Sabah”ın, “Neftçi”nin legionerləri ilə bizimkilər arasında fərq var. Bu gün Otto Conu, Paçunu qazanmışıq. Conun aldığı maaşı desəm, çoxunuz inanmayacaqsız. Bəli, hamımız “Qarabağ”ın yolunu nümunə çəkirik. “Qarabağ” öncə bazasını düzəltdi. “Qəbələ”nin düşdüyü vəziyyət bizə siqnaldır. “Sumqayıt”da futbolçu 1500 manat maaş alırdı. Avroliqaya vəsiqə qazanandan sonra bizdən 10 000 manat maaş istədi. Bəzi klublar maliyyədən gileylənir. Yerli oyunçular üçün müraciət edirik, futbolçuları buraxmırlar. “Sabah”a təşəkkür edirəm. Az oynayan futbolçuları icarəyə verirlər. Mən yerli oyunçuların tərəfdarıyam. Amma Premyer Liqada qalmaq üçün legionerlər vacibdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button