Qırtımov komanda ilə məşqlərə başladı
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanda baş tutan “Fehervar”la ilk oyunda ağır zədə alan “Qəbələ”nin futbolçusu İlkin Qırtımov komanda ilə məşqlərə başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, dünən fərdi hazırlıq keçən müdafiəçi bu gündən kollektiv çalışmalarda iştirak edir. Digər zədəlilər – Ürfan Abbasovla Gülağa Əsədov proqram üzrə bərpa prosesi keçir. Yaovi Akakpo isə əməliyyat sonrası müalicəsini davam etdirir.
Xatırladaq ki, İlkin Qırtımov “Fehervar”a 1:4 hesabı ilə uduzduqları görüşün ilk hissəsinin sonlarına yaxın başından ciddi zədə alıb. Dili qatlanan futbolçuya ilk yardımı komanda yoldaşı Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən müdafiəçi Rüfət Əhmədovla əvəzlənib.
Bu komandalar arasında cavab matçı iyulun 28-də Qəbələdə olacaq.
Bizi Facebook-da izləyin