“Qırmızı vərəqə epizoduna soyuq başla baxmaq lazımdır”
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Qəbələ səfərinin çətin olacağını və rəqibin yaxşı formada olduğunu bilirdik. Rəqib ilk dördlükdədir və sərgilədikləri oyun göz önündədir. Matça yaxşı hazırlaşmışdıq. Biz də məğlub olmaq istəmirdik. İlk hissə görüşə nəzarət bizdə idi, hesabı da açdıq. Sadəcə, ikinci yarının əvvəlində tez qol buraxdıq. Bundan sonra oyun aqressivləşdi və 10 nəfərlə qaldıq. 40 dəqiqə “Qəbələ”yə qarşı 10 nəfərlə oynamaq çox çətindir. Futbolçular əziyyət çəkdilər, səfərdən 1 xalla qayıdırıq. Artıq növbəti oyunlara hazırlaşacağıq.
Qarşılaşmanı idarə edən Fərid Hacıyev gənc hakimdir. Biz də istəyirik ki, referilərimiz inkişaf etsinlər. Amma ikinci hissədə cərimələr və vərəqələr bizim komandanın əleyhinə verilirdi. Qırmızı vərəqə epizoduna da baxmaq lazımdır. “Qəbələ”nin oyununa kölgə salmaq istəmirəm. Xırda “foul”lara görə aqressivləşdik. Sadəcə, qırmızı vərəqəyə soyuq başla baxmalıyıq. Orada qırmızı vərəqə yoxdursa, əlbəttə ki, nəticəyə təsir edib”.
Bizi Facebook-da izləyin