“Qırmızı vərəqədən sonra daha çox çətinlik çəkdik”
“Kəpəz”in məşqçisi Xaliq Mərdanov Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Təbii ki, bütün komandalar “Qarabağ”a qarşı başqa motivasiya ilə hazırlaşır. Şübhəsiz ki, biz də belə hazırlaşmışdıq. Futbolçular verdiyimiz tapşırıqları 100 faiz yerinə yetirə bilməsələr də, ən azı 60 faiz işin öhdəsindən gələ bildilər. Buna görə onlara minnətdaram. Bəzi səhvlər oldu. Bu da futbolda başadüşüləndir. Gələcək oyunlarda çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Ehtiyatlı futbol oynadıq. Oyun sisteminə uyğun olaraq rəqibi əks-hücumlarda tutmalı idik. Amma rəqib bizə hücumda problemlər yaratdı. Qırmızı vərəqədən sonra daha çox çətinlik çəkdik. “Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayırıq”.
Bizi Facebook-da izləyin