“Qarşımıza məqsəd qoymuşuq” – Regekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda Avstriyanın “Rapid” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabah bizim üçün çox çətin oyun olacaq. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirib növbəti mərələyə vəsiqə qazanaq. Bilirik ki, rəqib çox güclüdür. Amma öz oyunçularıma və azarkeşlərimizə inanıram”.
46 yaşlı mütəxəssis matçın çətin keçəcəyini bildirib: “Rəqib çox yaxşı oynayır. Bizim üçün asan oyun olmayacaq. Ancaq matça çox yaxşı hazırlaşmışıq. Ümidvaram ki, Kipr “Aris”i ilə ötən oyundakı özünəinamı bu dəfə də göstərə biləcəyik. Hamımız çox motivasiyalıyıq. Qarşımıza məqsəd qoymuşuq ki, “Aris”lə Bakıdakı oyunun səviyyəsini qoruyub saxlayaq”.
O, yenidən icarəyə götürülən Mert Çəlik barədə də danışıb: “Onun bir çox oyununu görməmişəm. Komandamıza dünən qayıdıb. Bilirik ki, yaxşı səviyyəsi var. Eyni mövqedəki futbolçularla rəqabətdən qalib ayrılmalıdır. Ona bir az da vaxt lazım olacaq. Çox sevinirəm ki, bizə qoşulub. Çünki həmin mövqedə ehtiyat oyunçuya ehtiyacımız vardı. Onu mərkəz, cinah müdafiəçisi, mərkəz yarımmüdafiəçisi kimi görürəm. Ehtiyacımız olarsa, yeni futbolçu transfer edə bilərik”.
Reqekampf Rumıniyadan futbolçu transfer etməməsinə də toxunub: “Oyunçunun milliyyəti önəm kəsb etmir. Hər hansı futbolçu səviyyəlidirsə, onu transfer etməyə çalışacağıq”.
“Neftçi” “Rapid”ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.
Mehri Qurban
Bizi Facebook-da izləyin