“Qarşımıza heç ikinci yer hədəfi də qoyulmayıb”
Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində öz meydanında “Qəbələ”ylə 1:1 hesablı bərabərliyə razılaşan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:
- Çətin oyun oldu. Çempionatda 5 tur geridə qaldı. “Qarabağ” istisna olmaqla, digər komandalar ikinci yer üçün mübarizə aparacaq. “Qəbələ” də artıq bu yerə iddialılar sırasındadı. Oyun ərzində psixoloji üstünlük rəqibin tərəfində idi, oyunun gedişində məcbur olduq ki, B planına keçək.
- “Qarabağ” istisna dediz, amma hazırda ikinci yerdəsiz. “Qarabağ”ın izləyicisi olan komanda niyə belə deyir?
- Real danışmaq lazımdı. Bizim qarşımıza heç ikinci yer hədəfi də qoyulmayıb. Hər oyun mübarizliyi qoruyub saxlaya bilsək, yaxşı nəticələr əldə edə bilərik. Ümumi stabillik önəmlidi.
- “Qarabağ”la qarşıda olan 3 oyundan azı 1 xal götürməyi istəyərsiz?
- Futbolçuları bir xal üçün hazırlaşdırmırıq. Bu cür yanaşma səhvdi. Hər oyuna qələbə üçün çıxırıq. Təbii ki, “Qarabağ”la 1 yox, 3 xal üçün mübarizə aparırıq. Amma reallığı da nəzərə almaq lazımdı.
- Həftəboyu klubdakı maliyyə problemləri və Tamerlan Abdullayevin komandayla görüşü ilə bağlı xəbərlər yayıldı. Bu xəbərlər nə dərəcədə düzgündü?
- Futbolçuların getməsi maliyyə problemlərinin olmasından xəbər verir. Tamerlan Abdullayev də çox çalışır ki, maliyyə gecikmələri çox olmasın. Hələ ki, bunun öhdəsindən gələ bilirlər. Qarşıdakı aylarda nə baş verəcək, bilmirik. Hələ ki, bu məsələ oyunumuza təsir etmir. Bunun üçün də futbolçularımıza təşəkkür edirəm. Qışa qədər bəzi problemlərin həll olunacağına ümid edirik.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin