“Qarşılaşma düşündüyümüzdən daha çətin keçdi”
Futzal üzrə Azərbaycan millisinin hücumçusu Xətai Bağırov bu gün Ukrayna yığmasına qarşı keçirilmiş yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:4 hesablı məğlubiyyətlə üzləşdikləri matçdan sonra federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Qarşılaşma düşündüyümüzdən daha çətin keçdi. Həqiqətən bu cür oyun gözləmirdik. Səhvlərimiz də çox oldu. Hətta qollardan birini özümüz vurduq. Zalda biz rəqibdən daha çox məşq etsək də, topa nəzarət və onu idarə etməkdə çətinlik çəkdik. Çoxlu səhvlər etdi, başlanğıcda qırmızı vərəqə aldıq. Bu olanlardan sonra isə geridönüş etmək çətin oldu.
Səhvlərimizə və məğlubiyyətə baxmayaraq, bizim üçün vacib sınaq oldu. Səhvlərimizi gördük. Ukrayna millisi daha hazırlıqlı idi. Onlar Bakıya gələnə qədər 4 oyunda gücünü sınamışdılar. İspaniya ilə 2, Rumıniya ilə də bir o qədər matç keçiriblər. Biz isə apreldə Yunanıstanla keçirdiyimiz rəsmi oyundan sonra bir yerə toplaşmamışdıq. İlk hazırlıq mərhələsində bu cür komandaya qarşı mübarizə aparmaq çox çətindir. Bu cür olmağı bizim xeyrimizə olacaq. Avropa çempionatına qədər buradakı çatışmazlıqları aradan qaldırmalıyıq”.
Bizi Facebook-da izləyin