“Qarşıda 9 tur var, hər şey dəyişə bilər” – Azər Bağırov
Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Qəbələ” görüşündən sonra təşkil olunan mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Qırmızı vərəqəyə qədər yaxşı oynadıq. Futbolda belə hallar olur. 3 xal qazana bilmədiyimizə görə təəssüflənirəm. Çünki xallar bizim üçün çox vacib idi.
Eyni futbolçu həm qırmızı vərəqənin alınmasında, həm də qapımıza vurulan qolda pay sahibi oldu. Əlbəttə, belə vəziyyətdə futbolçunun üzərinə də çox getmək, onu ruhdan salmaq olmur. Bunları unudub, qarşıdakı oyunlara baxmaq lazımdı. Kim istəyərdi ki, belə səhvlər eləsin. Nadir hadisə olsa da, baş verdi. Yaxşı ki, məğlub olmadıq, xalımızın üstünə xal əlavə etdik. 32 xalımız var. İkinci pillədən 8 xal geridəyik. Qarşıda 9 tur var, hər şey dəyişə bilər. Maraqlı oyunlar qarşıdadır. Bizə 2-3 oyunda qələbə qazanmaq lazımdı ki, vəziyyətdən çıxaq”.
Bizi Facebook-da izləyin