Qaret Beyldən AFFA rəsmisinə ironiyalı sual – VİDEO

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin bu gün baş tutan mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, öncə azərbaycanlı tərcüməçi UEFA nümayəndəsi tərəfindən tədbirdən kənarlaşdırılıb. Buna Uelsin mətbuat xidməti rəhbərinin xahişi səbəb olub. Belə ki, xanım tərcüməçinin sualları Azərbaycan dilindən ingilis dilinə və əksinə düzgün tərcümə edə bilməməsi qonaqları narazı salıb. Üstəlik, onun dünyaca məşhur futbolçu Beyli tanımaması uelsli federasiya rəsmisini özündən çıxarıb. Nəticədə o, UEFA nümayəndəsinə yaxınlaşaraq, xanımın Beylin fikirlərini tərcümə etməməsini istəyib və o, zalı tərk edib.

Bundan sonra AFFA öz işçisini mətbuat konfransına göndərməli olub. Amma bu vaxt da maraqlı hadisə baş verib. Ulduz futbolçu qarşılaşma ilə bağlı fikirlərini səsləndirərkən AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı Orxan Əhmədov qəflətən onun yanında əyləşib. Federasiya rəsmisinin ani hərəkətindən diksinən “Real”ın yarımmüdafiəçisi buna maraqlı reaksiya verib və tərəflər arasında əyləncəli dialoq yaşanıb:

Qaret Beyl: Salam.
Orxan Əhmədov: Salam.

Q. B: Necəsiz? Hər şey qaydasındadır?
O. Ə: Hər şey yaxşıdır. Siz necəsiz?

Q. B: Təşəkkür edirəm. Bir az gec gəlməmisiz?!

Onların bu dialoqu və Beylin son sualı zalda əyləşən media nümayəndələrinin gülüşünə səbəb olub. Amma AFFA-nın bu ölkədə bir normal tərcüməçi tapa bilməməsi gülməli yox, daha çox acınacaqlı bir durumdur. Göründüyü kimi, qurumun yarıtmaz rəhbərliyi ölkəni hətta yaşıl meydandan kənarda da biabır etməklə məşğuldur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button