
“Qardaşım dedi ki, qol vuracaqsan, gəlirəm” – MÜSAHİBƏ
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunun açılış matçında səfərdə “Şamaxı”nı 4:1 hesabı ilə məğlub edib.
Oyundan sonra qərb təmsiliçisinin yarımmüdafiəçisi, matçda iki qolla yadda qalan Fərid Nəbiyev Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Oyunla bağlı fikirlərini bölüşərdin…
– Hesabda geriyə düşməyimizə baxmayaraq, toparlana bildik. Şükürlər olsun ki, qələbə qazandıq.
– Bu qələbə psixoloji baxımdan sizi “bataqlıq”dan çıxara biləcək?
– Əlbəttə. Bu qələbə bizə çox vacib idi. Çünki ardıcıl məğlubiyyətlər oyunçulara da pis təsir göstərir. Düşünürəm ki, bu oyun geridə qaldı, qarşıdakı matça hazırlaşmalıyıq və orda da sərfəli nəticə qazanarıq.
– “Şamaxı”nın hansı zəif nöqtələri var idi? Nəzərə alsaq ki, qapıçıları da çox yaxşıdır…
– Komanda olaraq çox yaxşı müdafiə olunurlar. Ayxan müəllimin (Ayxan Abbasov) işi göz qabağındadır. Amma biz çalışdıq həftəboyu onların boşluqlarını tapaq və baş məşqçinin (Azər Bağırov) verdiyi tapşırıqları yerinə yetirək. Bu bizdə çox yaxşı alındı. Bəlkə də, “qırmızı” almaları bir az təsir etdi, amma buna baxmayaraq, ümumi olaraq yaxşı çıxış etdik. Bunun davamını gətirmək üçün çalışacağıq.
– Sənin üçün də çox vacib idi qələbə, qollar. Son vaxtlar kölgədə qalmışdın…
– Bəli, mənim üçün də çox vacib idi. Həm qollar, həm qələbə və ən önəmlisi, komandamın qələbəsində pay sahibi olmaq. Məşqlərdə də ən yaxşısını etmək üçün çalışıram. İnşallah, bunun davamı gələr.
– Bu oyunadək sonuncu vurduğun qolu xatırlayırsan?
– “Səbail”də çıxış edərkən “Qarabağ”a qarşı oyunda vurmuşdum.
– “Kəpəz”də bəs?
– “Kəpəz”də… (düşünür).
– Azərbaycan çempionatında dubl etmişdin?
– Çempionatda yox, ölkə kubokunda “Kəpəz”in heyətində “Turan Tovuz”a qarşı oyunda etmişdim. Ondan sonra dubl etməmişdim. Yenə “Kəpəz”in heyətində qismət oldu.
– Gözləyirdik ki, penaltini də sən vuracaqsan və het-trik edəcəksən…
– Hücumçumuz da qol hesabını açmamışdı. Düşündük ki, ona da motivasiya olar. Yaxşı ki, o da dəqiq yerinə yetirdi.
– Baş məşqçiniz tapşırmışdı penaltini Paçu yerinə yetirsin?
– Baş məşqçi bu barədə heç nə deməmişdi. Sadəcə olaraq, hücumçudur, bəlli məsələdir ki, hücumçular qol vurmağa bir az meyilli olurlar. Düşündük ki, o da qol hesabını aça bilər və daha yaxşı olar. Yaxşı ki, belə də oldu.
– Qardaşın Yusif də (o da futbolçudur) oyunda idi. Bu sənə nə dərəcədə motivasiya oldu?
– Oyundan əvvəl danışmışdıq. O da dedi ki, qol vuracaqsan, gəlirəm (gülür). Yaxşı ki, onu da məyus etmədim.
– Adətən oyunlarına gəlir. Çünki sizin təqviminiz fərqlidir…
– Onların məşqləri və oyunları ilə bizim təqvimimiz fərqlidir. Üst-üstə düşmürdü deyə, gələ bilmirdi. Amma bu gün boşluq idi deyə, özü gəldi.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



