“Sabah”ın bombardiri Yunanıstana gedir – Müsahibə
“Sabah” klubunun yarımmüdafiəçisi Coy Lens-Mikelsin Komanda.az saytına müsahibəsi:
– Salam. Necəsiz? Yenicə başa çatan mövsümdən sonra özünüzü necə hiss edirsiz?
– Salam. Təşəkkür edirəm. Özümü yaxşı hiss edirəm. Hazırda dincəlirəm və komandanın növbəti mövsümün hazırlıqlarına start verəcəyi günə kimi ötən mövsümün yorğunluğunu üzərimdən tam atmağa çalışıram.
– Artıq bir ilə yaxındır ki, Azərbaycandasız. Ölkəmizə uyğunlaşa bilmisizmi?
– Bəli, artıq tam uyğunlaşmışam. Düzü, bu proses məndə çox tez baş verdi. Əlbəttə, bunda mənə dəstək olan komanda yoldaşlarımın da böyük rolu oldu.
– Azərbaycanda komandayla səfər etdiyiniz Qəbələdən başqa, gördüyünüz yerlər var?
– Xeyr. Təəssüf ki, hələ Azərbaycanın başqa bölgələrinə getmək fürsətim olmayıb.
– Yay istirahətini harada keçirməyi planlaşdırmısız?
– Yay tətilimi Yunanıstanda keçirməyi planlaşdırıram.
– Vaxtı ilə Almaniyada, Niderlandda oynamısız. Əvəllər formasını geyindiyiniz klublarla ”Sabah” arasında fərq böyükdürmü? Ümumiyyətlə, daha çox nələri fərləndirmək olar?
– Hər çempionatın özünəməxsus xüsusiyyətləri olur. Bu liqalarda çıxış edən klubların da həmçinin. Ümumiyyətlə, bu cür müqayisələri düzgün hesab etmirəm. Sadəcə, onu deyə bilərəm ki, bizim yaxşı komandamız var və “Sabah”da olmaqdan məmnunam.
– “Sabah” Premyer Liqada mövsümü 5-ci pillədə bitirdi və avrokuboklara vəsiqə qazana bilmədiz. Avrokuboklara vəsiqə üçün nə çatmadı?
– Artıq mövsüm geridə qalıb. Bu barədə təkrar-təkrar danışmaq nəyisə dəyişməyəcək. Bir neçə amil rol oynadı. Məsələn, ilk turlarda itirdiyimiz xalları misal göstərə bilərəm.
– Baş məşqçiniz Murad Musayev mövsümün əvvəlindən “Sabah”ın “sükanı arxasında” olsaydı, komandanız mükafatçılar sırasına düşə bilərdimi?
– Düşünürəm ki, bəli.
– Ümumiyyətlə, mövsümün əvvəlində rəhbərlik tərəfindən qarşınıza avrokuboklara vəsiqə tələbi qoyulmuşdumu?
– Qarşıya hansı hədəfin qoyulmasından asılı olmayaraq, bizim əsas hədəfimiz hər oyunda maksimumuzu ortaya qoymaq və hər matçdan qələbə ilə ayrılmaq idi.
– “Sabah” mükafatçılar sırasında olmasa da, siz özünüz Premyer Liqanın bombardirlərindən biri olduz. Bununla təsəlli tapmaq olar?
– Məncə, bu mövsümdə çıxışım heç də pis alınmadı. Lakin bayaq da dediyim kimi, artıq bu mövsüm geridə qalıb. İndi tam olaraq növbəti mövsümə köklənəcəyik. Əlimdən gələni edəcəm ki, növbəti mövsümdə daha yaxşı performans ortaya qoyum. Əlbəttə, şəxsi göstəricilərdən də önəmli komandanın çıxışıdır.
– Artıq Azərbaycan Premyer Liqasına, komandalara bələdsiz. Şəxsən sizin üçün Azərbaycanda ən çətin rəqib hansıdır?
– Çempionatda heç bir oyun asan olmur. Bütün rəqiblər qələbə, xal qazanmaq istəyirlər və sona kimi mübarizə aparırlar. Bu baxımdan bütün rəqiblərimizə hörmətlə yanaşıram. Amma sırf hansısa komandanı fərqləndirməliyəmsə, heç şübhəsiz, “Qarabağ”la oyunların daha çətin olduğunu deyərdim.
– “Sabah” rəhbərliyindən uzunmüddətli müqavilə təklifi alsaz, qəbul edərsiz, yoxsa gələcəyə dair başqa planlarınız var?
– Bayaq da qeyd etdiyim kimi, “Sabah”da olmaqdan məmnunam. Burda özümü xoşbəxt hiss edirəm. Hazırda bu barədə düşünmürəm.
Bizi Telegramda izləyin
Mehri Qurban
Bizi Facebook-da izləyin