“Qarabağ”la oyundan öncə “Sivasspor”da daha bir ciddi itki

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq Türkiyənin “Sivasspor” klubu bu matçdan öncə heyətlə bağlı daha bir problemlə üzləşib.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rıza Çalımbay yerli mətbuata açıqlama verib.

57 yaşlı mütəxəssis vitse-kapitan Hakan Arslanın zədələndiyini bildirib. O, 32 yaşlı müdafiəçinin belinə iynə vurulduğunu və bu səbəbdən, 4 gündür ayağa qalxa bilmədiyini sözlərinə əlavə edib.

Daha əvvəl “Sivasspor”un 3 futbolçusunda koronavirus aşkarlandığı açıqlanmışdı. Amma onların noyabrın 26-da keçiriləcək oyuna qədər sağalıb sıraya dönməsi ehtimalı yüksəkdir.

Qeyd edək ki, İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Ağdam klubu “Sivasspor”la ilk oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Hansı ki, həmin oyunda Türkiyə təmsilçisinin kapitanı məhz Hakan Arslan idi.