
“Qarabağ”la oyundan əvvəl “Benfika”da qarşıdurma yaranıb
Portuqaliya mətbuatı UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Lissabonda “Qarabağ”la oyun öncəsi “Benfika” klubu ilə azarkeşləri arasında gərgin münasibətdən yazıb.
Komanda.az xəbər verir ki, “A Bola” nəşri sabah keçiriləcək oyunla bağlı bunları qeyd edib:
“Benfika”da gərginlik hökm sürür. Baş məşqçi Bruno Lajenin komandası çempionatda ilk dəfə xal itirdi. Bu, növbəti prezident seçkilərinə hazırlaşan klubdakı vəziyyəti nəzərə alsaq, mövsümə yüksək gözləntilərlə başlayan komanda üçün pis əlamətdir. “Benfika” “Estadio da Luj”da “Santa Klara”ya 60-cı dəqiqədə vurduğu qolla demək olar ki, qalib gəlirdi. Amma çox zəif futbol oynadı (1:1). İlk hissə 0:0 hesabı ilə bitəndə artıq tribunadan fit səsləri eşidilirdi. İkinci hissədə onlar cəsarətli idilər, lakin matçın sonunda fit səsi eşidilmədi. Baş məşqçi meydanı tərk edəndə də insanların narazılığı aydın idi.
“Benfika”nın futbolunun keyfiyyəti ötən mövsüm artıq sual altında idi. Baxmayaraq ki, komanda çempionluq uğrunda sona qədər mübarizə apardı. Bu mövsümün başlanğıcı Laje üçün asan olmadı. Amma o, superkuboku qazandı və komandanı Çempionlar Liqasının əsas mərhələsinə çıxardı, eyni zamanda, çempionatdakı bütün matçlarda qalib gəldi. Ancaq bu da azarkeşlərin inamını qazanmaq üçün kifayət etmədi.
Lissabon klubunun azarkeşləri 2022/2023 mövsümündə Rojer Şmidtin rəhbərliyi altında olduğu kimi, daha aqressiv, hücumameylli və yaradıcı “Benfika”nın tərəfdarıdırlar. Nəhayət, gərginlik o həddə çatıb ki, tənqidlər klub prezidenti və növbəti prezidentliyə namizəd Ruy Koştaya yönəlib. Çərşənbə axşamı Çempionlar Liqasının “Qarabağ”la oyununda “qartallar”ın azarkeşlərin gözləntilərini puç etməyə haqqı yoxdur. İstənilən başqa nəticə fəsadlarla doludur və baş məşqçi ilə prezidenti “incə vəziyyət”ə salacaq”.
Bizi Facebook-da izləyin



