“Qarabağ”la “Neftçi” istisna olmaqla bütün komandalar eyni gücdədir”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Bilirdik ki, bu gün xal qazanmaq bizim üçün çox önəmlidir. Mübarizəli oyuna hazır idik. Vacib 3 xal qazandıq. Bu komandaya bir az vaxt lazımdır, gec qoşulanlar, zədədən yenicə qayıdanlar var. Bu gün futbolçularım əzmkarlıq göstərdilər. Həqiqətən, rəqibimiz daha iddialıdır. Hər tur çətin keçir, zəif rəqib yoxdur. “Qarabağ” və “Neftçi” bir az üstündür, qalanları eyni səviyyəli komandalardır. Getdikcə, daha yaxşı olacağıq, heyətin güclənməyə ehtiyacı var. Yaxşı oyun alındı. 4 turdur ki, meydanda sürətli oyun göstəririk. Rəqibi də təbrik edir, onlara uğurlar arzu edirəm.
- Hendrik Ekşteynin bu gün start heyətdə meydana çıxması gözlənilməz oldu…
- Ekşteynin getməsi peşəkarlıq baxımından düzgün deyil. Sadəcə, geri qayıdanda psixoloji problemləri olduğunu dedi. Futbolçu da insandır və onu başa düşməyə çalışdım. Ekşteyni komandaya geri qaytarsaq da, cəzasız qalmayacaq. Çempionatımızın səviyyəsinin aşağı olduğunu deməzdim. Ekşteynin təcrübəsi var və ona güvənərək bu gün start heyətdə meydana buraxdıq. Bahadır Həziyev üçün əsas heyətdə başlamaq bir az çətin olardı. Çalışırıq ki, həm təcrübəli, həm də gənclərlə bir komanda yaradıb, mübarizə aparaq.
- Rəqib “Sabah” olmasaydı da, Ekşteyn əsas heyətdə olacaqdı?
- Hər zaman öz keçmiş komandana qarşı oynayanda daha istəkli olursan. Amma bunu düşünüb Ekşteyni meydana buraxmamışıq. O, yaxşı futbolçudur və bu gün çalışdı tapşırıqları yerinə yetirsin.
- Əfran İsmayılovun oyunundan razı qaldız?
- Əfran bizə gec qoşuldu. Artıq çəkisi var idi, onu da atmağı bacarıb. Təcrübəsinə görə meydanda 90 dəqiqə yaxşı vəziyyətdə qalır. Onun daha da yaxşı olacağına inanıram. Məqsədimiz yerli futbolçuları Azərbaycan futboluna bəxş etməkdir. Buna görə də təcrübəli futbolçuların üzərinə böyük yük düşür.
- Oyunun sonunda futbolçular arasında qarışıqlığa səbəb nə idi?
- Emosiyalar yüksək idi, istənilən söz hər iki tərəfə təsir edə bilərdi. Çoşqunla Elçinin arasında qısa mübahisə yarandı, ciddi bir şey baş vermədi. Mən də topun mən tərəfə atılmasını xoş qarşılamadım, amma sonra bilərəkdən etmədiyini bildirdi.
- Bahadır əvvəl dayaq yarımmüdafiəçisi idi, indi də sola çəkmisiz…
- Bahadırı sol cinahda sınamışdıq. Fikrimiz, bu mövqeyi limit kimi istifadə etmək idi. Bahadır həm solda, həm də ortada oynamağı bacarır. Onun hansı mövqedə daha effektli olacağını hələ bilmirik. Perspektivli futbolçudur. Gənc oyunçular üzərlərində çox çalışmalıdırlar.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin