Bədavi Hüseynov: “Ötən illə müqayisədə “Neftçi” bu il qat-qat güclüdür” – Müsahibə
“Qarabağ”ın və Azərbaycan milli komandasının müdafiəçisi Bədavi Hüseynovun Komanda.az saytına müsahibəsi:
- Bədavi, “Qarabağ”ın bu mövsümkü çıxışını necə qiymətləndirirsən?
- Çempionat hələ başa çatmayıb, buna görə də, komandanın çıxışını indi dəyərləndirmək düz olmaz. Biz öz hədəfimizə doğru gedirik və təbii ki, çempion olmaq istəyirik. Bəli, bu mövsüm çətinliklər olub – zədələr, pandemiyanın təsiri. Şükürlər olsun ki, bunlar artıq geridə qaldı. Növbəti oyunlarda hədəfimizə doğru daha da irəliləmək istəyirik. Oyundan oyuna inkişaf edirik, bizim üçün vacib olan mövsümün sonunu uğurlu gətirməkdir. Bilirik ki, sona doğru xal itirmək bizim üçün baha başa gələ bilər.
- Ötən mövsüm Premyer Liqa koronavirus pandemiyasına görə 20-ci turdan yarımçıq dayandırılmış və çempion elan edilmişdiz. Həmin vaxtda ikinci sıradakı “Neftçi” ilə aradakı xal fərqi 8 idi. Bu mövsüm isə vəziyyət dəyişib və lider “Neftçi” ilə eyni xalınız var. Ötən mövsümkü uğuru təkrarlamağa nə mane oldu?
- Bayaq da qeyd etdim, bu mövsüm zədəlilərə, pandemiyanın təsirinə görə çətinliklər oldu. Əsas rəqiblərimizdən olan “Neftçi”nin də gücləndiyini vurğulamaq istərdim. Ötən illə müqayisədə “Neftçi” bu il qat-qat güclüdür.
- Çempionatda artıq 18 tur geridə qalıb. Sənin üçün bu turlarda ən yaddaqalan qələbə və məğlubiyyət hansıdır?
- Bu mövsümün ən yaddaqalan qələbəsi “Zirə” ilə oyunda idi. Qarşılaşmada 0:2 hesabı ilə geridə olsaq da, oyunun gedişini dəyişə bildik və sonda 3:2 hesablı qələbə qazandıq. Ən yaddaqalan məğlubiyyətə isə yəqin ki, “Neftçi” ilə 1:2 olan oyunu deyə bilərəm. Layiq olmadığımız məğlubiyyət idi və təbii ki, belə nəticəni unutmaq olmur.
- “Neftçi”yə məğlubiyyəti qeyd etdin. Həmin matçdan sonra komandada atmosfer necə idi?
- “Neftçi”yə layiq olmadığımız məğlubiyyət aldıq və biz daha güclü idik. Şübhəsiz ki, belə nəticə komandaya təsir edir. Baş məşqçimizin ilk tapşırığı bu oldu ki, bu məğlubiyyəti tez unudaq. Çünki qarşıda çox oyunlar var və hesab edirəm ki, bu sözlərlə komandanın ruhdan düşməməsinə də nail oldu. Qələbələr qazanırıq və mövsüm hələ bitməyib.
- “Qarabağ”la müqavilən mövsümün sonuna qədərdir. Gələcəyinlə bağlı nə düşünürsən?
- “Qarabağ”da çox xoşbəxtəm. Burda uzun illər keçirmişəm. Təbii ki, arzulayardım ki, bu klubda daha çox qalım. Çünki burdakı bütün şərtlər məni qane edir. Yəni klub yerində saymaq istəmir, inkişaf edir, daim Çempionlar Liqası, Avropa Liqasında qruplara çıxmaq haqda düşünür. Buna görə də, növbəti illərdə də burda qalmaq istəyirəm. Bu, təkcə məndən asılı deyil, həm də, rəhbərlikdən asılıdır. Rəhbərlik burda qalmağımı istəsə, bu, mənim üçün şərəfdir, fəxrdir. Təbii ki, yekun qərarı onlar verəcək. Mənim ilk seçimim “Qarabağ” olacaq.
- 2012-ci ildən komandadasan. Geridə qalan 9 il ərzində karyeranı ölkə xaricində davam etdirmək fürsətin olubmu?
- Bu haqda düşünmüşəm və fürsətlər də olub. Çox sevinirəm ki, bu müddət ərzində “Qarabağ”da oldum və bu ailənin bir parçasına çevrildim. Mən burda arzuladığım yüksək səviyyəli oyunlarda olmuşam – həm Çempionlar Liqasında, həm Avropa Liqasında. “Atletiko”, “İnter”, “Çelsi”, “Roma”, “Tottenhem” kimi rəqiblərə, dünyanın adlı-sanlı ulduz futbolçularına qarşı oynamaq şansım olub. Futbolda belə şanslar nadir hallarda olur. Həmişə sevinmişəm ki, mən “Qarabağ”ın bu dönəmində komandanın bir parçası olmuşam və bu sevincə həmişə şərik olmuşam.
- Qarşıda sizi çətin “Zirə” səfəri gözləyir. Qarşılaşmadan gözləntilərin nələrdir?
- “Zirə” ilə əvvəlki iki oyunumuza baxanda, qarşıda bizi mövsümün ən çətin oyununun gözlədiyini deyə bilərik. Rəşad Sadıqovla illərlə bərabər oynamışıq. Rəşad futbolçu kimi necə tələbkar idisə, indi də məşqçi kimi çox tələbkardır. “Zirə” tək-tük komandalardandır ki, həm yaxşı hücum etməyi bacarır, həm də yaxşı müdafiə olunmağı. Bu oyuna ciddi hazırlaşırıq. Ümid edirəm ki, matç yaxşı nəticə ilə – qələbə ilə başa çatar.
- Premyer Liqada çempionluq şansınızı faizlə neçə olaraq qiymətləndirərsən?
- Əvvəlki illərə nisbətən indi daha ciddi rəqabət var. Bizim də gücümüz hamıya bəllidir. Üzərində işləməli olduğumuz məqamlar var. Çempionluq şansı indiki halda həm “Qarabağ”da, həm də “Neftçi”də bərabərdir. Hətta mən bu siyahıya “Zirə”ni də əlavə edərdim.
- Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsindəki şansları haqda nə deyə bilərsən?
- Qrupumuz bəllidir, komandaların xüsusi təqdimata ehtiyacı yoxdur. İlk oyunumuz Portuqaliyaya qarşıdır. Əlimizdən gələni edəcəyik. Rəqiblərimizin gücünü bilirik. Son oyunlarda millidə bir-birimizi yaxşı başa düşürdük. Əlimizdən gələni edəcəyik ki, yaxşı oynayıb, yaxşı nəticə əldə edək.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin