Polşanın daha bir klubu Mahir Emreli ilə maraqlanır
“Qarabağ”ın və Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Polşanın daha bir klubunun diqqət mərkəzinə düşüb.
Komanda.az xəbər verir ki, “Visla” klubu 24 yaşlı hücumçu ilə maraqlanır. Bu barədə “Meczyki” nəşri məlumat yayıb. Xəbərdə, Krakov təmsilçisinin Emrelini azad agent kimi heyətinə qatmaq istədiyi bildirilib.
Nəşrin məlumatında Mahirə İtaliya, Belçika, Xorvatiya, Macarıstan klublarından da təkliflərin olduğu bildirilib. Karyerasını Avropada davam etdirmək istəyən hücumçunun “Qarabağ”la müqaviləsini yeniləməyəcəyi də qeyd olunub.
Bundan əvvəl Polşanın “Zaqlembe” və “Rakuv” klubları da Mahirlə maraqlanırdı.
Mahir Emreli bu mövsüm “Qarabağ”la Azərbaycan Premyer Liqasında 17 qol vurub. Onun klubla müqaviləsi yaya qədərdir.
Bizi Facebook-da izləyin