“Qarabağ”ın uğurunun 3 səbəbi
Ardıcıl səkkiz dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaq, Çempionlar Liqasında İspaniyanın köklü klublarından olan Madrid “Atletiko”sundan xal almaq, İsveçrənin ən titullu komandalarından sayılan “Bazel”ə sözün bütün mənalarında futbol dərsi keçmək… Bütün bunları edən Azərbaycan klubudur, “Qarabağ”dır.
Necə olur ki, Azərbaycanın futbol üzrə milli komandaları dünya və Avropa çempionatlarının seçmə mərhələlərində daim məğlub olur, azarkeşlərin qınaq obyektinə çevrilir, cəmi bir neçə ay əvvəl ölkənin “Neftçi”, “Sumqayıt”, “Keşlə” kimi klubları rəqibləri tərəfindən avrokuboklardan qovulur, amma… Amma alnına yekə hərflərlə MƏĞLUBİYYƏT yazılmış Azərbaycan futbolunda ayaq üstə, dimdik dayanan bir komanda olur? “Qarabağ”ın, komandanın baş məşqçisi Qurban Qurbanovun uğurunun sirri nədədir?
1. Həddən artıq vacib məqam – rəhbərlik
Bir anlığa təsəvvür edək ki, Qurban Qurbanov “Qarabağ”ın yox, “Neftçi”nin, “Keşlə”nin, “Sumqayıt”ın baş məşqçisidir. “Neftçi”nin prezidenti Kamran Quliyevlə işləmək məcburiyyətində qalır, “Keşlə”yə rəhbərlik edən Zaur Axundov komandanın hətta start heyətini də müəyyənləşdirməyə qarışır, “Sumqayıt”ın başında dayanan Riad Rəfiyev hansısa iranlı oyunçuları kluba gətirmək üçün dəridən-qabıqdan çıxır. Təsəvvür edə bilirsiz nə baş verər? Ya da, təsəvvürü boş verin, Qurbanovun Azərbaycan milli komandasının baş məşqçisi olduğu dövrü xatırlamaq kifayətdir. Qurban Qurbanov 2017-2018-ci illər aralığında Azərbaycan millisinin “sükanı arxasında” idi. AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov kimi futbolda naşı adamlarla çiyin-çiyinə çalışırdı. Nəticə nə oldu? Heç bir il tamam olmamış milli komandadan uzaqlaşdırıldı. Eyni şey “Neftçi”də də olmuşdu. Axı Qurbanovun məşqçilik dosyesinə “Qarabağ”dan əvvəl “Neftçi”nin adı yazılıb (2006-2007). Hazırda Peşəkar Futbol Liqasına rəhbərlik edən Ramin Musayev o vaxt “Neftçi”də əsas söz sahibi idi. Qurbanov tipik azərbaycanlı idarəçilərin olduğu Bakı klubunda uzun müddət qala bilmədi və ona parlaq karyera bəxş edən “Qarabağ”a üz tutdu. Həmin “Qarabağ”a ki, orda nə Rövnəq Abdullayev, nə Elxan Məmmədov, nə Kamran Quliyev, nə Zaur Axundov, nə də Riad Rəfiyev var idi. Orda futbola baxışlarına, təfəkkürünə görə tipik azərbaycanlı idarəçilərə qətiyyən bənzəməyən türkiyəlilərdən ibarət rəhbərlik var idi. Onlar Qurbanova şans, zaman və böyük səlahiyyət verdilər. Nəticə göz önündədir.
2. Futbolçu seçimi – azadlıq
Hər nə qədər özünə, karyerasına hörmət edən əcnəbi futbolçular Azərbaycana gəlmək istəməsələr də, “Qarabağ” adətən, ən yaxşı legionerləri transfer etməyə çalışır. Ağdam klubu futbolçu transferində həddən artıq həssas davranır, Qurbanov hər oyunçunu komandasına götürmür. Bu üzdən, “köhlən atlar”ın formasını geyinən Abdullah Zubir, Kevin Medina, Patrik Andrade, Xayme Romero kimi legionerlər Azərbaycan Premyer Liqasında ən yaxşı futbolçulardan sayılır. İnsafən, “Qarabağ”ın legioner futbolçu transfer edərkən işi Azərbaycanın başqa klublarına baxanda daha asandır. Bunun da əsas səbəbi komandanın vaxtı ilə Çempionlar Liqasının qrup mərhələsində oynaması, daim avrokuboklarda mübarizə aparmasıdır.
Qurban Qurbanovun daha bir üstünlüyü isə klub rəhbərliyinin ona transferlərdə güvənməsi, azadlıq verməsidir. Məsələn, bu azadlıq “Qarabağ”ın Azərbaycanda ən ciddi rəqibi olan “Neftçi”nin baş məşqçisi Samir Abasova verilmir, əmin ola bilərsiz. Əmin olmaq üçün “Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsində “Makkabi”yə (Hayfa, İsrail) 0:4 hesabı ilə uduzduğu matçdan sonra Abasovun mətbuat konfransında dediklərini xatırlamaq kifayətdir:
“Belə heyətlə bu cür rəqibə qarşı sırf şansın hesabına nə isə edə bilərdik. Təəssüf ki, bu da alınmadı. Günahkar axtarmaqdansa, bundan nəticə çıxarmalı, ayağa qalxmalıyıq. Belə rəqibə qarşı istədiyin heyətlə oynaya bilmirsənsə, işin çox çətindir.
Heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq. Nə qədər hazırlıqlı olsan da, oyunu dəyişmək üçün yaxşı heyətin olmalıdır. Biz dəyişiklikləri məcburiyyətdən edirik. Razıyam, “Neftçi” avrokuboklarda oynamaq üçün hazır deyildi. Məqsədlər mövsümün əvvəlində bəlli olmalıdır. Məsələn, “Qarabağ” bir neçə oyunçu gətirib, hədəfləri bəllidir. Bizdə qırılma nöqtəsi məhz transferlərlə bağlı oldu”.
Buyurun, fərq bundadır, həm də, yekə fərq. “Qarabağ”ın bütün transferlərində baş məşqçinin imzası var, “Neftçi”də isə yəqin Samir Abasovdan “komandaya filan futbolçunu alırıq, nə deyirsən” deyə, soruşulmur da. Soruşulsa idi, Abasov “Makkabi”yə məğlubiyyətdən sonra həmin açıqlamanı verməzdi.
3. Zəhmət, zəhmət, yenə də zəhmət
“Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışının səbəbi təkcə rəhbərliyin baş məşqçiyə verdiyi azadlıqda deyil. Qurban Qurbanov ona göstərilən etimadı, verilən azadlığı düzgün qiymətləndirməyi bacarır. O, çalışqandır, zəhmətkeşdir, özünü də, komandasını da daim inkişaf etdirmək üçün dayanmır. Bir vaxtlar “Qarabağ” İspaniyanın “Barselona” komandası kimi oynamağa çalışırdı; topu mümkün qədər özündə çox saxlamaq, qısa ötürmələrlə meydanboyu dayanmadan hərəkət etmək. Qurbanov bu sistemi komandasına çox güman ki, məhz elə “Barselona”nı daim izləməklə, öyrənməklə aşılamışdı. Lakin dünən Konfrans Liqasında “Bazel”ə qarşı keçirilən oyundakı “Qarabağ” nə Kataloniya komandasına, nə də bir neçə il əvvəlki “Qarabağ”a bənzəyirdi. “Köhlən atlar” artıq daha sürətli oynayır, Pep Qvardiolanın köhnə “Barselona”sının “tiki-taka”sının bənzətməsi olan oyun üslubundan əsər-əlamət yoxdur. Əvəzində daha çox göz oxşayan, sürətli oynayan komanda var.
Azərbaycanda futbol klublarının əksəriyyətinə rəhbərlik edənlərin anlamadığı şey budur ki, onlar uğursuzluğun əsas səbəbinin, günahının özlərində olduğunu ya dərk etmirlər, ya da qəbul edə bilmirlər. Baş məşqçi? O hətta Pep Qvardiola, Yurgen Klopp da olsa, ancaq ağıllı, yaxşı rəhbərliklə uğur qazana bilər, əksi mümkün deyil. Susuzluqdan torpağı cadar-cadar olmuş səhrada bitən ağac kimi görünən “Qarabağ”ın uğurunun sirri də bundadır: yaxşı rəhbərlik, o rəhbərliyin güvənini boşa çıxarmamaq üçün vicdanla çalışan yaxşı baş məşqçi. (Meydan.TV)
Bizi Facebook-da izləyin