“Qarabağ”ın transfer etmək istədiyi futbolçu Bakıya gəlir
“Qarabağ”ın transfer etməyə yaxın olduğu “Stal”ın (Mieleç) və Polşa millisinin qapıçısı Mateuş Koxalski bu həftə Azərbaycana gələcək.
Komanda.az “meszyki.pl” portalına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu şəhər və klubun özündəki şəraitlə tanış olmaq üçün Bakıya təşrif buyuracaq.
Koxalski transferə razılıq verərsə, “Stal” rəhbərliyi artıq ağdamlılardan gələn təklifi qəbul etdiyi üçün sövdələşmənin tez başa çatacağı gözlənilir.
Daha əvvəl “Qarabağ”ın bu transfer üçün təxminən 1 milyon avro ödəyəcəyi bildirilirdi.
Koxalski karyerası ərzində “Legiya”, “Radomiak” komandalarında oynadıqdan sonra 2022-ci ildə “Stal”a keçib. Onun hazırkı klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, ötən mövsüm Polşa çempionatının ən yaxşı qapıçısı seçilib.
Bizi Facebook-da izləyin