“Qarabağ”ın tarixi qolunun müəllifi Braziliyaya qayıtdı
“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike Türkiyənin “Sivasspor” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçinin karyerasını ölkəsində davam etdirməyə qərar verdiyi diqqətə çatdırılıb. 31 yaşlı vinger “İnternasyonal”a keçib. Sivas klubunun bu keçidlə bağlı yaydığı rəsmi açıqlamada bunlar qeyd olunub:
“2021/22 mövsümünün əvvəlində “Kayserispor”dan transfer etdiyimiz və zədəsi ilə əlaqədar ən az 3 həftə formasından uzaq qalacaq Pedro Enrike Braziliyada yaşayan qızının səhhətində yaranmış problemlə əlaqədar ölkəsinə dönərək, ailəsinin yanında olmaq istədiyini klub rəhbərliyinin diqqətinə çatdırıb. Həmçinin ölkəsinin “İnternasional” klubunun onun transferində maraqlı olduğunu bildirən futbolçu, qızının yanında olmaq istədiyini israrla bəyan edib. Müzakirələrdən sonra ayrılığın hər iki tərəf üçün doğru olmasına qərar verən klubumuz, “İnternasional” ilə transfer məbləğində də razılığa gələrək Pedro Enrikenin bu kluba satışına qərar verib”.
Artıq “İnternasional” da Pedronun transferini rəsmən açıqlayıb. Tərəflər arasındakı müqavilənin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub. Təcrübəli oyunçu 10 illik fasilədən sonra vətəninə qayıdıb.
Xatırladaq ki, 2017/18 mövsümündə icarə əsasında “Qarabağ”da çıxış edən Pedro Enrike bu komandanın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifi olub. O, Bakıda İtaliya “Roma”sına 1:2 hesabı ilə uduzduqları oyunda fərqlənib.
Bizi Facebook-da izləyin