Qapıçını da aldadıb, qol vurmaq istəyən “futzalçı” Yazı+Fotolar
Topu ona atırlar. Sanki uzun illərdir “yumşaq mərmi”nin həsrətində imiş kimi ayağını ondan çəkmir, irəliləyir, irəliləyir, rəqibin üzərinə şığıyan bir futbolçusunu aldadıb keçir, sonra daha birini, sonra… artıq rəqibin qapı xəttinə çatıb, başını qaldırır, ötürmə verməyə komanda yoldaşını axtarır. Komanda yoldaşı əlverişli mövqedə deyilsə, qapıçını da aldadıb, qol vurmağa çalışacaq…
“Qarabağ”ın son zamanlarda heyətinə qatdığı futbolçulardan Abdullah Zubiri xüsusilə fərqləndirmək lazımdır. Zubir, Ağdam təmsilçisinə transfer olduqdan sonra istər avrokuboklarda, istərsə də ölkə çempionatında gözəl oyunu ilə azarkeşlərin rəğbətini qazana bilib. Elə cari mövsümdə də Çempionlar Liqasında 5 oyuna 3 məhsuldar ötürmə verərək, komandasının uğurlarında əsas pay sahibi olanlardandır.
Zubir, 1991-ci ilin dekabrın 5-də, Fransanın Lill şəhərində anadan olub. Valideynləri mərakeşli olan yarımmüdafiəçi 6 yaşından futzalla məşğul olmağa başlayıb. O, gənc yaşlarında hazırda “Sevilya”da çıxış edən Vissam Ben Yedderlə birlikdə Fransanı futzalda təmsil edib. 20 yaşına qədər futzalla məşğul olan Zubir, Fransanın milli komandasında da forma geyinib.
Zubir, futbolda ilk peşəkar müqaviləsini 2011-ci ildə, Fransanın “Qrenobl” klubu ilə imzalayıb. “Qrenobl”da 2 il çıxış edən yarımmüdafiəçi, çıxdığı 14 oyunda 7 qol vuraraq, digər klubların diqqət mərkəzinə düşüb.
2013-cü ildə “İstr” klubu ilə sözləşmə imzalayan Zubir, Şotlandiya “Hibernian”ına icarəyə verilir. Keçmiş şotlandiyalı futbolçu Frederik Arpinionun məsləhəti ilə Premyer Liqa təmsilçisini çalışdıran Pat Fenlon Zubiri xüsusilə komandasında görmək istəyirdi. Debüt oyununda qol vurmağı bacaran yarımmüdafiəçi, Fenlonun komandadan ayrılmasından sonra şans qazana bilmir. Fenlonu əvəzləyən Terri Butçerin “gözünə girə bilməyən” Zubir, mövsüm ərzində sadəcə 16 oyunda iştirak edir. Üstəlik, topuğundan da zədə alan oyunçu, 5 aylıq sıradan çıxır və “Hibernian” rəhbərliyi mövsümün sonunda onu müqavilə ilə məxsus olduğu “İstr” klubuna geri qaytarır.
2015-ci ildə Rumıniyanın “Petrolul” klubu ilə 3 illik sözləşmə imzalayan Zubir, oyunu ilə yenidən diqqətləri öz üzərinə çəkməyi bacarır. Tez bir zamanda azarkeşlərin sevgisini qazanan yarımmüdafiəçi, təsadüfi deyil ki, ilk ayındaca komandanın heyətində ən yaxşı oyunçu seçilir. “Petrolul”da bir mövsüm keçirən Zubir, Fransanın “Lans” klubuna üz tutur. Liqa 2 təmsilçisi ilə iki mövsümdə 69 oyuna çıxan 27 yaşlı oyunçu, 7 qol vurur. “Lans”da çıxış edən zaman İspaniyanın “Deportivo” klubu ilə adı hallanan Zubirin La Liqa təmsilçisinə keçidi baş tutmur və “Qarabağ”la iki illik müqavilə imzalayır.
Zubir hər iki cinahda oynamağı bacarır. Onun klubların ən çox diqqətini çəkən tərəfi isə güclü driblinqlər etməsidir. Bəzən bunu onun əvvəl futzalla məşğul olması ilə də əlaqələndirirlər. Zubir, sürətli hücuma çıxan, rəqib futbolçularına başağrısı olan, tribunaları hərəkətə gətirən bir oyunçudur. Onun “Lans”da çıxış edən vaxtlar orta hesabla 9 driblinqdə 79 faizlik uğurlu statistikası var idi.
Fransız yarımmüdafiəçinin zəif tərəflərindən biri isə son zərbələrdə “çərçivə”ni tapa bilməməsidir. Ancaq buna baxmayaraq, rəqib müdafiəçiləri aldadıb, komandasına fürsət yaratmaq istəyən Zubiri, “Qarabağ” üçün son dövrlərin ən uğurlu transferi saymaq olar. Onun Azərbaycan Premyer Liqasında son mövsümün ən çox turun oyunçusu seçilməsi də təsadüfi deyil.
Yeni mövsümə yaxşı formada başlayan Zubir, Çempionlar Liqasında “Dandalk”la ev oyununda 2, APOEL səfərində isə 1 məhsuldar ötürmə edərək, komandasının qələbəsində xüsusi rol oynayıb.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin