“Qarabağ”ın rəqibindən İtaliya klubuna
İtaliyanın “Atalanta” klubu təxminən bir ay öncə müqavilə bağladığı Martin Şkrtellə vidalaşmağa qərar verib.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müəmmalı ayrılığın səbəbləri açıqlanmır. Bu yay Türkiyənin “Fənərbaxça” klubundan ayrılaraq “Atalanta”ya keçən slovakiyalı 34 yaşlı müdafiəçinin son məşqlərin birində baş məşqçi Can Pyero Qasperini ilə mübahisə etdiyi və bu üzdən də müqaviləsinə xitam verildiyi iddia olunur. Digər iddiaya görə isə onun sağlıq problemi olduğuna görə komandadan uzaqlaşdırılıb. Şkrtel “Atalanta”da geridə qalan qısa müddət ərzində cəmi 1 rəsmi oyuna çıxıb.
Artıq İtaliya klubu Şkrtelin əvəzində başqa müdafiəçi tapıb. A Seriyası təmsilçisi İspaniyanın “Sevilya” klubundan Simon Kyaeri transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, danmarkalı mərkəz müdafiəçisi 1 illik icarəyə götürülüb. 30 yaşlı futbolçu yeni komandasında 4 nömrəli formanı geyinəcək.
Kyaer, 2017-ci ildə 12 milyon avroya “Fənərbaxça”dan “Sevilya”ya transfer olunmuşdu. O, geridə qalan mövsümdə La Liqa klubunda 37 oyuna çıxıb.
Qeyd edək ki, “Sevilya” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridi.
Bizi Facebook-da izləyin