“Qarabağ”ın rəqibində daha 2 ayrılıq
Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Adana Dəmirspor”dan ayrılan Joher Xadim Rassulu, eləcə də Yunanıstan “Olimpiakos”undan Ahmed Hassanı heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Joher Rassul “Eyüpspor”dan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Dayaq yarımmüdafiəçisi 2019-cu ildən “Adana Dəmirspor”un uğurları üçün çalışırdı. O, bu komandada 101 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Bu yay 26 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmiş və o, “Eyüpspor”la müqavilə bağlamışdı. Seneqallı futbolçu daha öncə Belçikada “Lokeren”in də uğurları üçün çalışıb.
Ahmed Hassan da “Olimpiakos”dan mövsümün sonuna kimi icarəyə götürülüb. Misir yığmasının da üzvü olan hücumçu 2018-ci ildən “Qarabağ”ın rəqibinin formasını geyinir. “Əl-Əhli”nin yetirməsi Hassan peşəkar karyerasına Portuqaliyanın “Rio Ave” komandasında başlayıb. 2015-ci ildə isə o, “Braqa”ya keçib. Məhz bu klubda olarkən “Olimpiakos” hücumçunu iki mövsüm icarəyə götürüb. 2020-ci ildə isə Yunanıstan klubu Portuqaliya təmsilçisinə 2 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb. Misirli futbolçu Pirey klubunda bütövlükdə 97 matça çıxıb, 38 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Olimpiakos”un futbolçusu ötən mövsümü də Türkiyə Super Liqasında – “Konyaspor”da icarədə keçirib. O, bu komandada 33 oyunda 11 qolla yadda qalıb. Misir yığmasında 27 oyun keçirmiş futbolçu, 5 qola imza atıb.
Yeri gəlmişkən, “Olimpiakos” serbiyalı yarımmüdafiəçisi Lazar Randeloviçlə də yollarını ayırıb. 25 yaşlı vinger Rusiyanın “Ural” (Yekaterinburq) klubuna keçib. “Qarabağ”ın rəqibinin bu transferə görə heç bir qazanc əldə etmədiyi iddia olunur. Piyer təmsilçisi Randeloviçi 2018-ci ildə “Radniçki”dən 550 min avroya transfer etmişdi. O, bu komandanın heyətində 75 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. “Olimpiakos” bu futbolçunu 2018/19 mövsümündə “Radniçki”nin özünə, ötən mövsüm isə İspaniyanın “Leqanes” klubuna icarəyə verib. O, İspaniya təmsilçisində 37 oyunda 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Randeloviç Serbiya yığmasında da 1 oyun keçirib.
“Alanyaspor” isə sloveniyalı müdafiəçisi Miha Mevlyanı Rusiyaya göndərib. Türkiyə klubundan azad agent kimi ayrılan 32 yaşlı futbolçu Moskva “Spartak”ı ilə 1+1 illik müqavilə bağlayıb. Mevlya Alanya klubuna ötən mövsümün əvvəlində məhz Rusiyadan, Premyer Liqanın digər təmsilçisi “Soçi”dən gəlmişdi. O, Türkiyə klubunda cəmi 16 matça çıxıb. Sloveniyalı futbolçu “Qoritsa, “Brda”, “Lozanna”, “Bney Saxnin”, “Rostov” və “Zenit”in də formasını geyinib. Müdafiəçi Sloveniya yığmasında meydana çıxdığı 49 matçda 2 qol vurub.
Bizi Facebook-da izləyin