
“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Futbolçulara iradım yoxdur”
UEFA Çempionlar Liqasının ilk turunda “Napoli” səfərdə “Mançester Siti”yə 0:2 hesabı ilə məğlub olub.
İtaliya çempionları artıq 21-ci dəqiqədə meydanda azlıqda qalıblar – komandanın kapitanı Covanni Di Lorenzo qırmızı vərəqə alıb. Qonaqlar ilk hissəni tab gətirsələr də, fasilədən sonra iki qol buraxıblar.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, “Napoli”nin baş məşqçisi Antonio Konte 0:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Mançester Siti” ilə bərabər heyətlə qarşılaşmaq çətindir, 20-ci dəqiqədə azlıqda qalanda isə bu, ümumiyyətlə mümkün deyil. Biz yaxşı müdafiə olunduq, sadəcə qollar zamanı daha diqqətli ola bilərdik. Futbolçulara iradım yoxdur. Həm münasibət, həm də fədakarlıq yüksək səviyyədə idi. Mən inanıram ki, say baxımından bərabər olsaydıq, hər şey fərqli ola bilərdi. Qarşımızda fantastik bir komanda var idi. İndi növbəti oyunu düşünməliyik”.
“Napoli” ikinci turda doğma meydanda Lissabonun “Sportinq”ini qəbul edəcək. Komanda Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



