“Qarabağ”ın baş məşqçisi italyan, kapitanı Hoca olan rəqibi Yazı+Fotolar
“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Albaniyanın “Partizani” klubudur.
Komanda.az Albaniya təmsilçisi haqda qısa məlumatı təqdim edir:
1946-cı ildə yaradılmış klub paytaxt Tirananı təmsil edir. Komanda ev oyunlarını 9500 azarkeş tutumlu “Selman Stermasi Stadium”da keçirir. “Partizani”ni italiyalı Franko Lerda çalışdırır. O, bu ay komandaya baş məşqçi təyin edilib. Çempionluğu isə Şkender Gega ədə edib. Komandanın kapitanı qapıçı Alban Hocadı.
Ötən mövsüm 70 xal toplayıb, ən yaxın izləyicisi “Kukesi”ni 11 xal qabaqlayan “Partizani” tarixində 16-cı dəfə Albaniyanın ən güclüsü adını qazanıb. Paytaxt təmsilçisi buna 26 il sonra nail olub. Klub sonuncu dəfə 1992/93 mövsümündə Albaniya çempionluğunu bayram etmişdi. 15 dəfə ölkə kubokunu, 1 dəfə superkuboku qazanan “Partizani” bir dəfə də ölkənin 1-ci dizionunun qalibi olub.
1962/63 mövsümündə avrokuboklarda debüt edən “Partizani”nin ən böyük uğuru 2016/17 mövsümündə qeydə alınıb. Həmin zaman “Skenderbeu”nun cəzalandırılması səbəbindən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində oynamaq imkanı əldə edən komanda 3-cü raunda yüksəlməyi bacarıb. Ancaq burda Avstriyanın “Zalsburq” klubunu keçmək mümkün olmayıb.
Mübarizəni Avropa Liqasının pley-offunda davam etdirən tiranalılar, Rusiya “Krasnodar”ına iki oyunun cəmində 0:4 uduzaraq, qrupa düşmək şansını əldən verib.
Avrokuboklarda ümumilikdə 56 oyun keçirmiş “Partizani” bunların 8-də qələbə qazanmağı bacarıb. 11 oyunda bərabərlik əldə edən komanda 37 görüşdə məğlubiyyətə üzülüb. Komandanın ümumi qol fərqi isə 34:96-dır.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək. “Qarabağ” ilk oyununu səfərdə keçirəcək.
Bizi Facebook-da izləyin