“Qarabağ”ın rəqibindən daha iki transfer

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” klubu heyətini daha iki futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Pirey təmsilçisi Fransanın “Olimpik” (Marsel) klubunun hücumçusu Sedrik Bakambunu və Almaniyanın “Hoffenhaym” komandasının yarımmüdafiəçisi Diadi Samassekunu heyətinə cəlb edib.

Samasseku 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Malidən olan dayaq yarımmüdafiəçisi daha öncə “Liferinq” və “Zalsburq”da da forma geyinib. 26 yaşlı futbolçu 2019-cu ildən formasını geyindiyi “Hoffenhaym”da 86 oyuna çıxıb, 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, Mali yığmasında da 17 oyun keçirib, 1 qol vurub.

Sedrik Bakambu isə Marsel “Olimpik”indən azad agent kimi ayrılıb və “Olimpiakos”la 3 illik müqaviləyə imza atıb. Daha öncə “Soşo”, “Bursaspor”, “Vilyarreal”, “Beijing Guoan” kimi klublarda forma geyinmiş 31 yaşlı forvard, Fransa təmsilçisinə bu ilin yanvarında azad agent kimi qoşulmuşdu. Fransada dünyaya göz açmış, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçu, 2015-ci ildən Konqo Demokratik Respublikası millisinin formasını geyinir. O, bu komandada 40 oyuna 13 qol vurub.

Xatırladaq ki, “Olimpiakos” ötən gün Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodriqeslə də 1 illik müqavilə bağlamışdı. Lakin bu üç futbolçu, Avropa Liqasının qrup mərhələsi üçün sifariş edilmədiyinə görə, “Qarabağ”a qarşı oyunlarda iştirak etməyəcəklər.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button