ÇL: “Qarşılaşacağımız komanda çox güclüdür”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 3-cü turunda “Nyukasl”la qarşılaşma öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı futbolçularına müraciət edərək, burada çox gözəl bir atmosfer olduğunu söyləyib:

“Mən 6 il Bobbi Robsonla çalışmışam. Hər gün onun “Nyukasl”a – şəhərə, bölgəyə və klubuna olan sevgisini görürdüm. Heç vaxt gizlətmədim ki, bu klub mənim üçün çox əhəmiyyətlidir, çünki Ser Bobbi mənim üçün çox təsirli olub”.

O, futbolçularına da müraciət edərək, belə deyib:

“Burada çox gözəl bir atmosfer var və siz bunu sabah axşam (bu gün) hiss edəcəksiz. Qarşılaşacağımız komanda çox güclüdür. Bəziləri onların Premyer Liqadakı mövqeyinə baxıb səhv nəticəyə gələ bilər, amma bu, fantastik klubdur”.

Mourinyo həmçinin, əlavə edib:

“Bu komandaya baş məşqçi olmaq istərdimmi? Hazırda onlara məşqçi lazım olduğunu düşünmürəm. Ümid edirəm ki, yaxın illərdə də buna ehtiyac olmayacaq. Bu, həm klub, həm də Eddi Hou (hazırkı baş məşqçi) üçün işlərin yaxşı getdiyini göstərir və mən onlara bunu arzulayıram”.

Qarşılaşma bu gün saat 23:00-da start götürəcək. “Benfika” ilk turda evdə “Qarabağ”a məğlub olub – 2:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button