“Qarabağ”ın qrupa düşmək şansı kifayət qədər yüksəkdir”
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Macarıstanın “Ferentsvaroş” komandası arasında baş tutacaq cavab oyunu öncəsi şansları dəyərləndirib.
Komanda.az xəbər verir ki, belaruslu mütəxəssis hər iki kollektivin pley-offa adlamağa iddialı olduğunu bildirib:
“Hər iki komandanın daha da irəli getmək şansları kifayət qədər yüksəkdir. Çünki pley-off mərhələsindəki rəqiblər o qədər də güclü deyil. “Qarabağ” hər il çempion olur, komanda Qurban Qurbanov başçılığı altında yüksək səviyyədə oyun sərgiləyir və daim avrokubokların qrup mərhələsində çıxış edir. “Ferentsvaroş” da yaxşı komandadır.
Azərbaycan və Macarıstan çempionatlarının səviyyəsini müqayisə etmək çətindir. Macarıstan klublarının çox yaxşı infrastrukturu var. Azərbaycanın da yaxşı stadionları, qəşəng meydançaları var. “Neftçi”, “Qarabağ” və Murad Musayevin işlədiyi “Sabah”ın keyfiyyətli legionerlər dəvət etməyə gücü çatır. Azərbaycan Premyer Liqasını Rusiya çempionatı ilə də müqayisə etməyəcəm. Tula “Arsenal”ının “Neftçi” ilə oyunlarını xatırlaya bilərik. Yuri Syomin Azərbaycanda çalışıb, uğur qazanıb, başqa məşqçilər də bura gəlib. Ona görə də onlar burada çalışmaqda maraqlıdırlar”.
“Qarabağ”la “Ferentsvaroş” arasında Bakıda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 1:1. Cavab matçı avqustun 9-da Budapeştdə baş tutacaq.
Bizi Facebook-da izləyin