
“Qarabağ”ın qarşısını kəsən “əjdahalar”
Rəşad Ergün
“Qarabağ” Suraxanıda – öz bazasının yanında akademiya inşa etmək istəyir. Boş ərazi də var, üstəlik, klub akademiyanı öz imkanları hesabına tikməyi planlaşdırır.
Amma hələ Rövnəq Abdullayevin AFFA prezidenti olduğu dövrdən Ağdam klubu Suraxanıda akademiya inşa etmək istəyinə razılıq ala bilməyib. Rövşən Nəcəf federasiya prezidenti olandan sonra məsələ “Qarabağ” tərəfindən bir daha gündəmə gətirilib. Akademiyanın tikilməsi nəzərdə tutulan ərazi Rövşən Nəcəfin rəhbərlik etdiyi SOCAR-ın balansındadır və ona bu barədə məlumat verilib. AFFA prezidenti məsələni diqqətdə saxlayacağını desə də, aradan uzun zaman keçməsinə baxmayaraq, bir xəbər yoxdur.
“Bakı” klubu, onun akademiyası yadınızdadır? Biləcəridə yerləşən stadion da, akademiya da bir neçə həftənin içində dağıdıldı, yerində yaşayış kompleksi tikildi. O vaxt bir neçə jurnalistdən başqa, heç kim göz görə-görə bir akademiyanın, futbol meydançalarının dağıdılmasına etiraz etmədi, səsini çıxarmadı.
İndi isə “Qarabağ” bazasının yanında akademiya inşa etmək üçün torpaq sahəsi əldə edə bilmir. Əminəm ki, yaşayış kompleksi, hansısa hipermarket, supermarket tikmək istəyən olsaydı, çoxdan razılıq da almışdı, həmin ərazini də.
Belə görünür ki, bu ölkədə söz, səlahiyyət sahiblərinin Qarabağ sevgisi də, “Qarabağ” eşqi də yalandır, saxtadır. Komanda “Benfika” ilə oyunda olduğu kimi, 9 əcnəbi futbolçu ilə meydana çıxıb, uğur qazananda çəpik çalmaq ən asan işdir. Çətin olan “Qarabağ”a, Azərbaycan futboluna gələcəyini qazanmaq üçün yardım etməkdir. O gələcək ki, “Qarabağ” forması ilə “Benfika”nın 19 yaşlılarına 1:7 hesabı ilə uduzmuşdu. O gələcək ki, Azərbaycan millisinin forması altında Portuqaliyanın U-21 yığmasından 5 cavabsız top yemişdi.
Siz torpaq sahələrini yaşayış binaları, hipermarketlər, supermarketlər tikən şirkətlərə satıb, bu xalqın balalarının normal futbol meydançalarında oynamaq, öyrənmək arzusunun önündə suyun qarşısını kəsən əjdaha kimi dayandıqca, Azərbaycanda futbol olmayacaq. Zatən, bu günə qədər olmamasının səbəbi də sizsiz – xalqa məxsus hər şeyi satıb, ciblərini dolduran səlahiyyət sahibi olan alverçilər, dəllallar.
Bizi Facebook-da izləyin



