
Bilbaodakı oyuna doğru: “Avropanın ən gözəl stadionunda ən möhtəşəm azarkeşini izləyəcəksiz”
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü turunda səfərdə İspaniya təmsilçisi “Atletik”lə qarşılaşacaq.
Komanda.az-ın əməkdaşı Vüsal Qəmbərov oyunu işıqlandırmaq üçün səfərdə olduğu İspaniyada matçdan əvvəl gördükləri haqda yazıb, təəssüratlarını bölüşüb:
“San Mames” stadionu… Memarlıq baxımından bir incəsənət nümunəsi… Daxildən isə qıpqırmızı oturacaqları ilə “futbol” hayqıran məbəd…
Stadiondan uzaqlaşıb, Bilbao intermodala (bir çox nəqliyyat növündən istifadə edərək malların daşınması) doğru yön alıram. Sol tərəfdəki kiçik kafe diqqətimi çəkir – “Biritxi Bi”. Sən demə, “google” reytinqi də əladır. Pəncərəsində “Atletik” klububun loqosu. Düzdür, bu, Bilbao üçün qeyri-adi bir şey deyil. Bask milliyətçiliyinin ürəyi olan şəhər bu klubla nəfəs alır.

Kafenin sahibi ilə söhbətləşirəm. 60-65 yaşı olar. Oyuna gedə bilməyəcək, heç baxa da bilməyəcək. Amma “Atletik” onun məhəbbətidir, bunu klubun adı çəkilən kimi üzündə yaranan təbəssümdən anlamaq olur. Basklar milliyyətçidir. bilbaolular isə şovinizm səviyyəsində…
Məsələn, bu kişi adını soruşarkən əvvəlcə zarafatyana “çox spesifik adım var” deyib, sonradan 60 yaşdan yuxarı hər on bilbaolu kişidən səkkizinin özü kimi İnyaki adlandığını bildirir: “Kənardan gələnlərin yox ha, əsl bilbaoluların!”
Elə ürəklə deyir, düşünürsən ki, sanki bilbaolu olmaq bu həyatda ən böyük uğurdur.
İnyaki sonda bunu da deyir: “Sabah (bu gün) siz Avropanın ən gözəl stadionunda ən möhtəşəm azarkeşini izləyəcəksiz”.

Oyundan öncəki gün ərzində bizim düşərgə (“Qarabağ”) ilə söhbətlər, mətbuat konfransında “Atletik”in baş məşqçisi, futbolçusu və İspaniya media nümayəndələrinin sözləri ümumən mənə deyir ki, “Qarabağ” bu matça rəqibindən daha rahat çıxır.
İnanıram və ümid edirəm ki, oyundan sonrakı yazıda şəhərin və “Atletik”in möhtəşəmliyini kölgədə qoyan “Qarabağ”ın performansından danışacağıq”.
“Atletik” – “Qarabağ” oyunu saat 20:45-də başlayacaq.
Bizi Facebook-da izləyin



