“Qarabağ”ın Kaşuku: Uğursuz “izdivac”

Azərbaycanlı azarkeşlər Aleksey Kaşukun adını ilk dəfə “Sabah” forması ilə eşitdi. Ukraynalı futbolçu Premyer Liqaya qədəmlərini basdığı 2022/23 mövsümündə parlaq çıxışı ilə diqqətləri üzərinə çəkdi. 39 oyunda 18 qol vuran gənc vinger təkcə məhsuldarlığı ilə deyil, həm də oyuna dinamika qatmaq bacarığı ilə seçilirdi. O, rəngarəng çıxışı ilə qısa zamanda azarkeşlərin də sevimlisinə çevrildi.

Daha sonra “Qarabağ”ın məşqçiləri onu bacarqlı oyunçu kimi gördülər. Bu komandaya təklif olunan hər oyunçunu bəyənmir Qurban Qurbanov. Yüz ölçür, bir biçir, qərar verir. Futbolçuda nələri bəyəndisə, Kaşukun transferinə razılıq verdi və sanki indi peşmanmış kimi görünür. Əks halda, ona köməkçi qüvvə kim baxmaz deyə, düşünürəm. Çünki Kaşuk vacib matçlarda daim ehtiyatdan oyuna daxil olur.

Kaşuk üçün hər şey “Sabah”da olduğu kimi, “Qarabağ”da da eyni qaydada davam etmədi. O, hazırda Ağdam təmsilçisində çətinlik çəkir, “Sabah”dakı kimi olmaq, oynamaq qəlizləşib sanki. Heç cür özünü sübut edib, əsas heyət üzvünə çevrilə bilmir, komandaya uyğunlaşmaq bir növ əngəl olub ukraynalı vinger üçün.

Bu arada, Kaşukun yığma karyerası yetərincə parlaqdır. Futbolçu Ukraynanın gənclər yığmasında uğur qazanmış adlardandır. O, 2019-cu ildə U-20 ilə dünya çempionatının kubokunu başı üzərinə qaldıran oyunçular arasında olub. Bu, hər futbolçunun karyerasında arzuladığı nailiyyətlərdən biridir.

Belə bir oyunçunun “Qarabağ” kimi nizam-intizamlı, hər il avrokuboklarda çıxış edən, özünü yetərincə sübut etmiş komandada parlaması gözlənilirdi. Hətta bir müddət əvvəl İspaniyanın La Liqa klublarından “Valyadolid”in onunla maraqlandığı barədə xəbərlər yayılsa da, “Qarabağ” onu buraxmaq istəmədi. Məlumat “Qarabağ” tərəfdən rəsmi olaraq təsdiqlənməsə də, belə təklif var idisə, yəqin Qurban Qurbanovun Kaşuku buraxmamaqda bildiyi nəsə var idi. Ancaq yenə də, adamda istər-istəməz sual yaranır: Kaşukun “Qarabağ”da nə işi var? Komandada başqa 10-12 dəqiqəlik oyunçu yoxdur? Hazırda futbolçunun 25 yaşı var. Və insafən, istedadı da var. Heç şübhəsiz ki, onun “Qarabağ”ı seçməsində əsas amil klubun daim avrokuboklarda çıxış etməsi, Avropada tanınmasıdır. Yoxsa, futbolçunun Azərbaycanda deyil, daha yüksək reytinqli çempionatlardan birində oynamaq istədiyi “Qarabağ”a gəlməsindən əvvəl məlum idi. Baxmayaraq ki, “Neftçi”nin də Kaşuku istədiyi barədə məlumatlar yayılmışdı. Şübhəsiz, daha öncə icarə əsasında çıxış etdiyi “Sabah” da onu təkrar sıralarında görmək istərdi.

Amma Kaşuk “Qarabağ”ı seçdi. İndi görünən odur ki, bu “izdivac” karyerasının yaş baxımından və fiziki olaraq ən yaxşı vaxtında onun üçün uğurlu deyil. Kaşuk zamanını “köhlən atlar”ın ehtiyat oyunçular oturacağında keçirir, bunun isə nə özünə, nə kluba faydası var.

Kaşuk “Sabah”dakı performansını “Qarabağ”da heç cür təkrarlaya bilmir. O, bu mövsüm Premyer Liqada Qurban Qurbanovun “Sumqayıt”a qarşı oyunda buraxdığı ikinci heyət kimi ilk “11-lik”də yer aldı. Bu da onun xəbərçisidir ki, Kaşuk daha vacib oyunlar üçün nəzərdə tutulmur. “Qarabağ”ın “kimyaçılar”a 0:1 hesabı ilə məğlub olduğu oyunda 67 dəqiqə forma geyinən ukraynalı futbolçu qeyri-adi heç nə ilə yadda qalmadı.

UEFA Çempionlar Liqasındakı matçlarda da Kaşuk yalnız qazanılmış yaxşı nəticələr fonunda meydana buraxıldı ki, bəlkə, özünü yaxşı tərəfdən göstərə. Amma yenə olmadı. Bəzən olurdu ki, yer aldığı sağ cinahda yaradıcılığını işə salırdı, ancaq tez bir zamanda da qarşısı alınırdı. Hərdən sürətli keçidlərini gözardı etmək ukraynalı futbolçuya haqsızlıq olar. Amma istənilən halda, “Qarabağ” kimi hər futbolçunun, xüsusilə də, legionerlərin dəyərinin bilindiyi, onlardan maksimum şəkildə istifadə olunan klubda qalmaq, belə davam etmək də Kaşuk üçün yaxşı seçim deyil. Axı biz onun istedadını “Sabah”da görmüşük. İndi öz istedadını “Qarabağ”ın ehtiyat oyunçular oturacağında “sərgiləmək” ona da, kluba da heç nə qazandırmır. Belə davam etsə, heç vaxt qazandırmayacaq da.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button