“Hamı “Qarabağ”ın səviyyəsinə çatmağı hədəfləyir” – Xayme Romero

“Qarabağ”ın futbolçusu Xayme Romero vətəni İspaniyanın “Estadio” radiosunun suallarını cavablandırıb.

Komanda.az həmin müsahibəni təqdim edir:

  • Salam, Xayme. Orada saat neçədir?
  • Hazırda sizdən iki saat irəlidəyik.
  • Bakıda yaşayış şəraiti necədir?
  • Hələlik hər şey ürəyimcədir. Normalda çox adam Azərbaycana gəldikdə onu nələrin gözlədiyini bilmir. Ona görə də, həm yaşayış səviyyəsi, həm də buradakı vəziyyət məni yaxşı mənada təəccübləndirdi.
  • Özünüz Albasete şəhərindənsiz. Bu şəhərlə müqayisədə Bakı sizə cənnəti xatırladır?
  • (gülür) Xeyr, sizinlə razılaşmıram. Hər il Albasetedə karnaval keçirilir. Sizi ora bir dəfə apararam, ondan sonra hər dəfə gəlmək istəyəcəksiniz.
  • Bəs hazırda Azərbaycanda futbol hansı vəziyyətdədir?
  • Çox yerdə olduğu kimi, burada da çempionat dayanıb. Mövsümün qalan hissəsində oynayıb-oynamayacağımız hələ bəlli deyil. Hamımız qeyri-müəyyənlik içərisindəyik, nə olacağını bilmirik.
  • Amma mayın 4-də məşqlərə başlamalı idiz…
  • Bəli, başlamalı idik. Amma karantin müddəti yenidən uzadıldı. Əslində ümumi vəziyyət Avropadakı kimi kritik deyil. Lakin durum pisləşməsin deyə, qabaqlayıcı tədbirlər görülür. Bəzi məsələləri saymasaq, normal şərtlər altında yaşadığımızı deyə bilərəm.
  • İspaniyada Albasetedən əlavə, digər bölgələrdə, İtaliyanın müxtəlif şəhərlərində, həmçinin Türkiyədə yaşamısız. Tez-tez komanda dəyişməyiniz barədə nə deyə bilərsiz?
  • Doğrudan da, 18 yaşımdan peşəkar futbolçu kimi müxtəlif komandaların formasını geyinməyə başlamışam. 2009-cu ildə, 19 yaşımda ikən “Udineze” məni “Albasete”dən transfer etdi. Növbəti il “Bari”yə icarəyə verdilər. Daha sonra “Qranada”da iki il icarə əsasında oynadım. 2013-cü ildə əvvəlcə “Orduspor”a, daha sonra “Real”ın ikinci komandası olan “Kastilya”ya icarəyə verildim, 2014-cü ildən isə “Saraqosa”da icarədə oldum. 2016-cı ildə “Osasuna”ya keçsəm də, bir ildən sonra “Kordoba”ya yollandım və 2018-ci ildə “Luqo”da icarəsında oynadım. Ötən yay isə “Qarabağ” məni transfer etdi. Futbolçu həyatı belədir. Sabitlik – rahatlıqdır, tez-tez məkan dəyişmək yaxşı deyil. Amma istənilən halda, hər dəfə təklif gələndə şərtlər səni qane edirsə və ürəyincə olursa, seçim etmək məcburiyyətində qalırsan. Biz də belə bir futbolçu həyatı ilə barışmalıyıq.
  • Bu məsələyə toxunmaya bilməzdik. Siz “Real”ın heyətində Fransa PSJ-sinə qarşı yoldaşlıq oyununda debüt etmək imkanı qazanmışdız. Həmin vaxt kimi əvəzləyərək meydana çıxmışdız? Adını biz yox, özünüz deyin…
  • (gülür) Bir yaxşı futbolçu var idi – Kriştiano Ronaldo. Bax, onu. Həmin vaxt ətrafında top-səviyyədə futbolçuların olduğunu gördükdə insanı qəribə hisslər bürüyürdü. Elə hisslər ki, bunları ömrümün sonunadək unutmayacam.
  • “Kastilya”da hansı tanınmış futbolçularla birgə çıxış etmisiz?
  • Hazırda “kral klubu”nda forma geyinən Lukas Vaskes mənimlə birgə çıxış edirdi. İndi “Real Sosyedad”da çıxış edən Joze Villianla “Saraqosa”da da komanda yoldaşı olduq. Hazırda “Espanyol”da oynayan Raul de Tomasla da “Kastilya”da birgə oynamışıq. Doğrudan da, yaxşı heyətimiz var idi. Sonradan hərə fərqli-fərqli komandalara səpələndi və beləcə yollarımız ayrıldı.
  • Azərbaycana yolumuz düşsə, nəyi qaçırmamalıyıq?
  • Əslində Azərbaycanı tamamilə tanıdığımı deyə bilmərəm. Hələ gəzmək imkanım olmayıb. Demək olar ki, çempionatın əksər oyunları elə paytaxtda keçirilir. Ona görə də mən yalnız Bakı haqqında məlumat verə bilərəm. Avropada bu şəhəri kifayət qədər tanımırlar. Amma həqiqətən də, müasir, gözəl şəhərdir, durmadan inkişaf edir. Burada Formula 1 üzrə qran-prilər keçirilir, ötən il Avropa Liqasının final matçı təşkil olunub. Ona görə də bura gəlsəz, Bakı sizi yaxşı mənada təəccübləndirəcək.
  • Bakının nə qədər əhalisi var?
  • 4-5 milyon nəfər olduğunu düşünürəm. Hardasa Madridin əhalisi qədər.
  • Azərbaycan paytaxtı barədə müəyyən məlumatımız var. Bakı doğrudan da tərifəlayiq şəhərdir. Bəlkə elə orada qalasız? Qayıtsaz, hansı komandanı seçərdiz?
  • Hələlik fikrim burada qalmaqdır. Çünki “Qarabağ”la daha 2 illik müqaviləm var, hər şey ürəyimcədir. Gələcəkdə nə olacağını deyə bilmərəm. Bu mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etdik. Hazırda isə Azərbaycan çempionluğuna çox yaxınıq. Ona görə də burada xoşbəxtəm.
  • “Qarabağ”ı hər il avrokubokların qrup mərhələsində görürük. Hətta 2017-ci ildə Çempionlar Liqasında “Atletiko” ilə eyni qrupa düşmüşdü. Bu mövsüm isə İspaniyanın daha bir təmsilçisi “Sevilya”nın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən oldu. Üzərinizdə “Qarabağ” hər il qrupda oynamalıdır” kimi bir təzyiq hiss edirsiz?
  • Ümumiyyətlə, “Qarabağ” Azərbaycanda nümunəvi komandadır. Hamı bu klubun səviyyəsinə çatmağı hədəfləyir. Son 6 mövsümdə avrokubokların qrup mərhələsində çıxış etdiyindən, “Daim belə olmalıdır” kimi təzyiqi üzərimizdə hiss edirik. Nəticədə, özümüzə qarşı daha tələbkar olmaq məcburiyyətində qalırıq. (Report)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button