Gələcəyi düşünməyən, “Qarabağ”da şirin anların dadını çıxarmaq istəyən Kadiylə MÜSAHİBƏ
“Qarabağ”ın futbolçusu Kadi Borqesin Komanda.az saytına müsahibəsi:
- Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sumqayıt”ı 2:0 hesabıyla məğlub etdiz. Matçla bağlı fikirlərin nədir?
- Ümumiyyətlə, “Sumqayıt” yaxşı komandadır, asan rəqib deyil. Hər zaman onlara qarşı oynamaq asan olmayıb. Yaxşı və sürətli oyun oldu. Buna baxmayaraq, düşünürəm ki, ümumi vəziyyətə nəzarət etdik. Rəqibin qol vurmasına imkan vermədik. Əlimizə düşən fürsətlərdən yaxşı istifadə etdik.
- Artıq bir neçə aydır komandadasan. “Qarabağ”ı necə təsvir edə bilərsən?
- “Qarabağ”ı vəsf etmək üçün hansı sözü deyəcəyimi bilmirəm. Klubda ailə mühiti var. Bu ailənin bir parçası olmaq mənim üçün xoşbəxtlikdir. “Qarabağ” haqda nə qədər xoş söz desəm, azdır. Burda hər şey ürəyimcədir. Çox xoşbəxtəm.
- Bakı necə, xoşuna gəlir?
- Şəhərlə bağlı da eyni sözləri deyə bilərəm. Çox gözəl şəhərdir. Həyat yoldaşımla bir çox gəzməli, görməli yerlərə baş çəkmişik. Hər şey ürəyimizcədir.
- Demək olar ki, komandada əsas heyətdə yerini almısan. Sərgilədiyin oyun özünü qane edirmi?
- Son vaxtlar oyunumda inkişaf hiss edirəm. Özümü yaxşı tərəfdən göstərmək istəyirəm və düşünürəm ki, bu da pis alınmır. Bu, məni sevindirir. Yerimdə saymaq istəmirəm. Komandaya daha çox fayda vermək istəyirəm.
- Komandaya uyğunlaşmaq çətin olmadı?
- Düzdür, yeni kluba, fərqli ölkəyə gələndə uyğunlaşma prosesi vaxt alır. Mənim üçün də yeni olan bir mədəniyyət və fərqli ölkə idi. Komandanın oyun üslubuna alışmaq üçün vaxt lazım olur. Ancaq şükürlər olsun ki, mən tez uyğunlaşa bildim. Ümid edirəm ki, daha da yaxşı olacaq.
- Bu günə qədər “Qarabağ”da keçirdiyin ən yadda qalan oyunun hansıdır?
- “Qarabağ”la hər şey mənim üçün yeni və ilkdir. Buna görə də, bütün oyunlarımı xatırlayıram və hər biri özəldir. Mənim üçün daha özəllərindən biri Kiprin AEL komandasına qarşı Bakıda keçirdiyimiz oyundur. Hesab 0:0 idi və gərgin oyun gedirdi. Sonradan meydana daxil olub, qələbə qolunu vurmuşdum. Ən xüsusi olan budur. Sonra isə “Bazel”lə oyunu deyərdim. Bu, mənim karyeramda ilk qrup mərhələsi matçı idi. Gözümdə oynadığım oyunları canlandıranda, xüsusi qeyd edəcəyim AEL və “Bazel”lə görüşdür.
- Konfrans Liqasının “Aberdin”lə səfər oyununda da qol vurdun. Həmin an hansı hissləri keçirdin?
- “Aberdin”lə matçda çox yaxşı oyun sərgilədik. Bu oyunun necə vacib olduğunun fərqində idik. Hər kəs çox yaxşı oynadı. Hamı bir-birinə dəstək olurdu, bir-birimizi sığortalıyırdıq. Bir komanda meydanda yumruq kimi birləşirsə, yaxşı nəticə əldə etməməsi mümkünsüzdür. Biz də yumruq kimi birləşdik. Qol vurmağım məni sevindirir, amma əsas olan komandanın qələbəsi idi.
- Braziliyalı tanışların, orda olanlar “Qarabağ”ı izləyirmi və bu barədə sənə ismarıclar gəlirmi?
- Nadir hallarda olur ki, ailə üzvlərim, dostlarım, tanışlarım “Qarabağ”ın oyununu qaçırsın. Xüsusilə, atam uşaq yaşlarımdan bir oyunumu belə, qaçırmamağa çalışır. Qardaş və bacılarım da oyundan əvvəl və sonra mənimlə əlaqə saxlayır, dəstək olurlar. Qələbədən sonra hər dəfə zəng edib, təbrik edirlər. Onlar televiziyadan izlədikdə belə, “Qarabağ”ın əhəmiyyətini, bu klubun Azərbaycan üçün necə dəyərli olduğunu hiss edirlər. Mən də çalışıram ki, ailə üzvlərimi arada bura gətirim, həmin atmosferi canlı yaşasınlar.
- Konfrans Liqasının qrup mərhələsinin “Bazel”lə oyununda (0:0) bir xal qazandız. “Bazel”in baş məşqçisi qrupun favoritinin “Qarabağ” olduğunu dedi. Səncə, onun fikirləri səmimi idimi?
- Qrupda hansısa komanda favorit deyil. Çünki hər oyun fərqli keçir. Oyundan-oyuna hər şey bəlli olacaq. Bizim qrupda aşkar favoritin kim olduğunu demək çətindir. Oyunlar göstərəcək ki, kim daha yaxşıdır, kim layiqlidir.
- “Qarabağ”da hədəflərin nədir? Azərbaycan klubunu karyeranda bir dayanacaq kimi görürsənmi?
- Hədəfim hər zaman irəli getməkdir. “Qarabağ” bir klub kimi mənim inkişafım üçün lazım olan imkanları verir. Bütün diqqətim bu məsələdədir. Hələ gələcəyi düşünmürəm, indiki şirin anların dadını çıxarmaq, zövqünü yaşamaq istəyirəm. Gələcək haqda bir şey demək istəmirəm.
- Çempionatda növbəti rəqibiniz “Keşlə” olacaq. Oyundan gözləntilərin nədir?
- Bizi “Keşlə” ilə çətin oyun gözləyir. Azərbaycan Premyer Liqasının oyunlarına baxıram və belə qənaətə gəlirəm ki, çempionatda rahat oyun yoxdur. “Keşlə” ilə oyunda nəzarəti əlimizdə saxlayıb, əlimizə düşən fürsətlərdən istifadə etməyə çalışacağıq. Meydana qələbə üçün çıxacağıq. Bunun üçün mübarizə aparacağıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin