“Qarabağ”ın baş meneceri: “Konfrans Liqası özünü doğrultdu”
“Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) 29-cu assembleyasında və üzvü olduğu komitənin Avstriyanın paytaxtı Vyanada keçirilmiş iclasında iştirak edib.
Komanda.az xəbər verir ki, o, Ağdam klubunun saytına verdiyi açıqlamada toplantıda baş tutmuş müzakirələr barədə danışıb:
“Tədbirdə qitələrin ali futbol qurumlarının rəhbərləri, FİFA-nın vitse-prezidenti və klub nümayəndələri iştirak edirdi. Toplantıda UEFA-nın prezidenti Aleksandr Çeferin və Avropa Klublar Birliyinin rəhbəri Nasser Əl-Xələfinin çıxışları oldu. UEFA və Klublar Birliyi arasında dərinləşən əlaqələr yaranır. Klub turnirlərinin təşkilində, UEFA prezidentinin də dediyi kimi, Klublar Birliyinin təklifləri əsasında qərarlar verilsin. Bu da çox sevindirici haldır.
ECA-nın ildə iki iclası keçirilir. Bu, 2022-ci ilin ilk toplantısı idi. İkincisi isə sentyabra nəzərdə tutulub. Bu dəfəki mövzu 2024-2027-ci illəri əhatə edəcək dövrün mövzuları idi. Toplantıda UEFA-nın yeni turniri – Konfrans Liqası barədə müzakirələr oldu. Bu turnir gözlənildiyindən daha effektli alındı. Çünki şübhələr var idi ki, yarış gözləntiləri doğrultmayacaq. Ancaq Konfrans Liqasının göstəriciləri Avropa Liqasından aşağı olmadı. Bu baxımdan sevindirici məqamdır ki, Avropa Konfrans Liqası özünü doğrultdu və yerini tutdu.
Digər müzakirə olunan məsələ isə 2024-2027-ci illərdə UEFA-nın klub turniri yarışlarının qrup mərhələsinin fərqli sistemdə keçirilməsi oldu. İndiki kimi 4 komandalı qrupların deyil, qarşılaşmaların İsveçrə sistemi ilə təşkil edilməsi müzakirə edildi. Məsələn, bir komanda digər komanda ilə ev-səfər prinsipi ilə oynamayacaq. Bizim kimi ölkələr üçün vacib olan məqam budur ki, turnirlərdə klub sayını artırmaq istəyirlər. Hazırda hər turnirdə 32 komanda mübarizə aparır, bu sayın isə 36-ya yüksəldilməsi müzakirə edilir. Əlbəttə, müzakirələr yeni başlayıb və sual doğuracaq məqamlar çoxdur. Növbəti iclaslarda bu, daha detallı olacaq”.
Bizi Facebook-da izləyin